Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 13 gün qalır – 13 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 55-ci yazımızda Skuderiyaya cəmi bir qələbə qazandıran F2005 modelindən danışacağıq…
2005-ci ildə reqlament yenə də dəyişdi. Yarışın gedişində təkər dəstinin dəyişdirilməsinə qadağanın qoyulması Bridgestone və Michelin şirkətlərini məcbur etdi ki, sıfırdan yeni tərkibdə təkərlər hazırlasınlar. Bu ildən motorlar bir deyil, iki Qran Pri məsafəsinə dözməli idilər. Bu dəyişikliklər titulu titul dalınca qazanan Ferrari-yə qarşı yönəlməmişdi, FİA məsrəflərin azaldılması məqsədini güdürdü, amma effekt gözlənilməz alındı – keçən mövsümdə 15 qələbə qazanan komanda bu dəfə cəmi bir qələbə ilə kifayətlənməli oldu.
Texniki baxımdan belə məğlubiyyəti əvvəlcədən heç kim proqnozlaşdırmırdı – yeni Ferrari F2005 sələfinə heç nədə uduzmurdu, yenilənmiş qazburaxma sistemi, modernizə olunmuş arxa asılqanlar, yeni əyləclər, elektronika, soyutma sistemi, titan və karbondan hazırlanmış ötürmələr qutusu builki nəticələrin heç də pis olmayacağına ümid etməyə əsas verirdi.
Skuderiyanın zəif yeri yenə də Bridgestone təkərləri oldular. Yapon təkərləri yarış məsafəsinə yaxşı dözürdülər, amma eyni zamanda Michelin təkərlərinə sürətdə uduzurdular. Düzdür, mövsümün gedişində Bridgestone təkərlərinin dözümlülüyü komandaya kömək etdi – ABŞ-da məlum oldu ki, Michelin təkərləri İndianapolis trasının bənkinqində yüklənmələrə dözmürlər. Fransızlar sürücülərin təhlükəsizliyinə zəmanət verməkdən imtina etdilər, onların müştəriləri döngədə şikananın qurulması barədə razılıq əldə edə bilmədilər və qızınma dövrəsindən sonra Michelin təkərlərində olan bütün sürücülər boksa döndülər. Starta yalnız Bridgestone təkərlərində olan 6 maşın çıxdı və Şumaxer asanlıqla qələbə qazandı.
FERRARİ F2005
2004-cü ilin sonunda məlum oldu ki, FİA yeni mövsümdə bəzi qaydaları dəyişəcək – məqsəd sürücülərin təhlükəsizliyini artırmaqla məsrəfləri azaltmaq idi. Nəticədə 18 yarışda 15 qələbə qazanan bir komanda yeni mövsümdə cəmi bir dəfə fərqlənə bildi – əgər Michelin müştəriləri yarışdan imtina etməsəydilər, bəlkə heç bu qələbə də olmayacaqdı.
Bəs belə bir ağır məğlubiyyətin səbəbləri nə idi?. Bəlkə Maranelloda 6 ardıcıl Mühəndislər Kubokundan, 5 ardıcıl sürücülər titulundan yorulmuşdular?
Mövsümün ilk yarışından aydın oldu ki, yeni reqlament çempionatda qüvvələr nisbətini dəyişib. 2001-ci və 2003-cü illərin reqlament dəyişikliklərinin təsir etmədiyi Ferrari komandası 2005-ci ildə McLaren və Renault-ya böyük hesabla uduzdu. Yeni qaydalara əsasən, motor iki yarışa tab gətirməli idi, təkərləri isə yarış zamanı dəyişmək olmazdı. 2004-cü ildə Skuderiya bütün mümkün rekordları yeniləməklə məşğul idi, çox güman ki, reqlament dəyişikliklərinin miqyası düzgün dəyərləndirilmədi və F2005 üzərində işlər gec başladı.
Əlbəttə, məğlubiyyətin böyük bir hissəsi Bridgestone təkərlərinin üzərinə düşürdü – uzun illər yaponlar daha qısa məsafədə təkərlərin effektivliyi üzərində işləmişdilər. Bu sahədə onlar böyük üstünlük əldə etmişdilər, amma uzun məsafə üçün bu təkərlər yararlı deyildilər. Mövsümün gedişində yaponlar problemləri həll etməyə çalışsalar da, buna nail ola bilmədilər. Mövsümün sonunda isə məlum oldu ki, yeni ildən təkərləri yarışın gedişində dəyişmək olacaq…
FERRARİ F2005-İN ÇEMPİONATDA STATİSTİKASI
Mövsüm | Qran Pri | Start | Poul | Qələbə | Podium | Ən yaxşı nəticə |
2005-ci il | 17 | 34 | 1 | 1 | 8 | 1 |