Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 15 gün qalır – 15 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 53-cü yazımızda Mixael Şumaxerə 6-cı titulu qazandıran F2003 GA modelindən danışacağıq…
2002-ci ildə çempionatda Mixael Şumaxerin dominantlığından narazı olan FİA idman reqlamentində bəzi dəyişikliklər etdi. İndi xallar ilk altı yeri tutan sürücüyə deyil, ilk səkkiz sürücüyə verilirdi – qələbə qazanan sürücü elə 10 xal qazandığı halda, 2-ci olan sürücü 6 əvəzinə 8, 3-cü olan sürücü isə 4 əvəzinə 6 xal qazanırdı. FİA bununla qələbə qazanan sürücünün izləyicilərindən çox uzaqlaşmasının qarşısını almaq istəyirdi. Yəni titul uğrunda mübarizə son yarışlara qədər davam etməli idi.
2003-cü ildə, doğrudan da, titul uğrunda mübarizə son yarışa qədər davam etdi. Mövsümün gedişində 6 qələbə qazanan Mixael Şumaxer titulu gənc istedadlı sürücü Kimi Rəykkönenə uduza bilərdi – McLaren-in finlandiyalı sürücüsü mövsümün 2-ci yarışında ilk və yeganə qələbəsini qazanmışdı, amma stabil olaraq podiumda finiş görürdü. Yekunda Şumaxer cəmi iki xal üstünlüklə 6-cı titulunu qazandı.
Mövsümdə mübarizənin belə gərgin getməsində F2003 GA adlanan yeni maşının rəqiblərindən heç də sürətli olmaması da rol oynadı – maşının adındakı hərflər yanvar ayında dünyasını dəyişmiş FİAT-ın başçısı Canni Anyellinin şərəfinə idi. Müxtəlif traslarda yarışın taleyi təkərlərdən asılı olurdu və Michelin təkərləri yüksək temperaturlarda daha effektiv idilər. Bridgestone yalnız mövsümün ortasında vəziyyəti qismən düzəldə bildi və bunun sayəsində Mixael ardıcıl 4-cü titulunu qazandı, komanda isə Mühəndislər Kubokunda ardıcıl 5-ci dəfə hamını qabaqladı.
FERRARİ F2003 GA
Mövsümdə Skuderiya daha az qələbə qazandı, amma yekunda yenə də sevinən məhz Skuderiya oldu. Mixael Şumaxer karyerasında 6-cı titulunu qazanmaqla Formula1 tarixinin ən titullu sürücüsü oldu. Ferrari isə Mühəndislər Kubokunda ardıcıl 5-ci qələbəsini qazandı – bu dəfə zəfərin səbəbkarı F2003 GA idi, Canni Anyellinin şərəfinə adlandırılmış maşın.
Növbəti dəfə yeni maşın sələfi ilə müqayisədə irəliyə doğru ciddi addım idi. İndiyə qədər bu maşında istifadə olunan texniki yeniliklər dərsliklərdə tədris olunur. Məsələn, F2003 GA-in yan pantonları daha yığcam, ortada qabarıq, arxada isə aşağı düşməklə daralmış forma almışdılar. Əsl inqilab isə pantonların içində gizlənmişdi – sələfindən fərqli olaraq maşında yeni, daha balaca, irəliyə əyilmiş yelpik şəklində quraşdırılmış radiatorlar yer almışdılar. Bununla da maşının havaya qarşı müqaviməti azaldılmış və düzlüklərdə sürəti artmışdı.
Arxa ox ətrafında da radikal dəyişikliklər edilmişdi, işlənmiş qazları çıxaran borular növbəti dəfə təkmilləşmişdilər. Bundan başqa, arxa asılqana da dəyişikliklər edilmişdi, adi yaylar torsionlarla əvəz olunmuşdular. Öz oxu ətrafında fırlanan amortizatorlar isə aerodinamikanı daha da yaxşılaşdırmışdılar.
Ferrari mövsümə keçənilki F2002-nin modernizə olunmuş versiyası ilə başlamışdı. Mühəndislər hesab edirdilər ki, keçən il maşın o dərəcədə güclü idi ki, yeni mövsümün ilk yarısında qa rəqiblərindən öndə qalmağı bacaracaq. Amma müəyyən hadisələr üzündən (pit-stoplarda səhvlər və qəzalar) Ferrari-nin sürücüləri mövsümə inamla başlaya bilmədilər və San Marinoda Mixaelin qələbəsinə baxmayaraq, çempionatda liderliyi Kimi Rəykkönen ələ keçirdi.
F2003 GA mövsümün 5-ci yarışında İspaniyada debüt etdi və dərhal qələbə qazandı. İki həftə sonra Mixael Avstriyada da birinci oldu. Kanadada baş tutan 8-ci yarışda qələbə qazanan Mixael mövsümdə ilk dəfə liderliyə yüksəldi. Amma bundan sonra 5 yarış ərzində almaniyalı sürücü cəmi bir podium qazana bildi.
Onun rəqibləri isə bir-birindən xal almaqla məşğul idilər, elə Barrikello da Mixaelə kömək edirdi, Macarıstanda isə gözlənilmədən Renault-nun gənc sürücüsü Fernando Alonso qalib gəldi. Bütün bu hadisələr Mixaelə çempionatda cüzi üstünlüklə liderliyini qorumağa kömək etdi. Bundan sonra Mixael daha iki qələbə qazanmaqla son yarışda 8-ci olmaqla titulu qazandı.
Çempionatın nəticələri tam fərqli ola bilərdi, əgər Ədrian Nyui səhv etməsəydi. McLaren komandasının dahi konstruktoru inqilabi maşın hazırlamışdı, MP4-18 mövsümöncəsi testlərdə çox sürətli idi, amma problemlərin çoxluğu mövsümə keçənilki maşınının modernizə olunmuş versiyası – MP4-17D ilə başlamağa məcbur etdi. Nyui mövsümün gedişində hər iki maşınla məşğul idi, ona görə də MP4-18 heç debüt etmədi, MP4-17D isə tam təkmilləşmədi…
FERRARİ F2003 GA-İN ÇEMPİONATDA STATİSTİKASI
Mövsüm | Qran Pri | Start | Poul | Qələbə | Podium | Ən yaxşı nəticə |
2003-cü il | 12 | 24 | 5 | 7 | 13 | 1 |