Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 63 gün qalır – 63 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşının təkamülü ilə tanış edəcəyik. Beşinci yazımızın qəhrəmanı Ferrari 625 F1 modeli olacaq…
1953-cü ilin son yarışı Ferrari üçün həyəcan siqnalı olmuşdu. İki il ərzində keçirilən 14 yarışın hamısında qələbə qazanan Skuderiya gözlənilmədən Montsada – tiffozilərin gözləri önündə uduzmuşdu. Maserati-nin sürücüsü Xuan Manuel Fanxionun qələbə qazanması Ferrari-nin lideri Alberto Askarinin son döngədə buraxdığı səhvin nəticəsi idi. Amma Kommendatoreni başqa məsələ daha çox məyus etmişdi – komandanın gələn ilə hazırladığı Ferrari 553 modeli ümidləri doğrultmamışdı. Yeni maşınının sükanı arxasında Umberto Malyoli sıralanma turunda Askarinin poul nəticəsini 4 saniyə uduzmuşdu, yarışda isə liderdən 5 dövrə geri qalaraq 8-ci olmuşdu.
Əsəbiləşən Entso dərhal yeni maşının hazırlanmasına göstəriş vermişdi – mühəndislər yenə də əsas kimi 15 yarışda 14 qələbə qazanan Ferrari 500 F2 modelini götürmüşdülər və 553-cü modeldən əsas fərqi yeni motor oldu. Faktiki olaraq mühəndislər hələ 1951-ci ildə sınadıqları motora qayıtmalı oldular, məhz həmin motorun əsasında Lampredi bir gecəyə 2 litrlik motoru hazırlamışdı.
Yeni mövsümöncəsi daha bir problem peyda oldu – Ferrari-yə iki titul qazandırmış Askari rəqib Lancia komandasına keçmişdi. Ona görə də komanda təcrübəli, amma yaşlı Nino Farina ilə gənc, amma təcrübəsiz Mayk Hotornun ümidinə qalmışdı. Liderin getməsini kompensə etmək üçün zədəsi sağalan Xose Froylam Qonsales yenidən komandaya qəbul edilmişdi.
FERRARİ 625 F1
Ferrari 553 F1-in nəticələrindən məyus olan komanda çox tələsik Ferrari 625 F1 modelini hazırlamalı olmuşdu. Baza model kimi yenə də Ferrari 500 F2 modeli götürülmüşdü – motor və ötürmələr qutusu irəli, yanacaq çəni isə sürücünün arxasına qaytarıldı. Motorxanaya 4 silindrli 2.5 litrlik 260 at qüvvəsi olan aqreqat quraşdırılmışdı.
1954-cü və 1955-ci illərin gedişində yeni Ferrari rəqabətədavamlı köhnə Maserati 250 F-lə yanaşı çempionatda debüt edən Mercedes W196 ilə mübarizə aparmalı oldu. Titul uğrundu mübarizədə “qırmızılar” “gümüşü oxlar”a layıqli müqavimət göstərə bilmədilər. İki il ərzində cəmi iki qələbə qazanıldı: 1954-cü ildə Silverstounda Qonsales Britaniya Qran Prisində, 1955-ci ildə isə Monte Karloda Moris Trintinyan Monako Qran Prisində podiumun zirvəsinə qalxdılar.
FERRARİ 625 F1-İN ÇEMPİONATDA STATİSTİKASI
Mövsüm | Qran Pri | Start | Poul | Qələbə | Podium | Ən yaxşı nəticə |
1954-cü il | 8 | 28 | 2 | 1 | 11 | 1 |
1955-ci il | 3 | 8 | 1 | 1 | 3 | 1 |