Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 20 gün qalır – 20 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 48-ci yazımızda Rori Börn və Ross Braun cütlüyünün Ferrari üçün hazırladığı ilk maşın F300 modelindən danışacağıq…
1998-ci ildə Rori Börn və Ross Braun yeni maşını sıfırdan hazırlamalı oldular, ona görə yox ki, keçənilki maşını təkmilləşdirmək olmazdı, buna səbəb yeni reqlamentin qüvvəyə minməsi idi. Əsas dəyişiklik isə maşının ölçüləri idi – yeni maşınların eni 20 sm azaldılmışdı. Çempionatın təkər təchizatçılarına – Goodyear və Bridgestone şirkətlərinə isə çempionat üçün novçalı təkərlər hazırlamaq tapşırılmışdı.
F300 adını almış yeni maşın sələfinə çox yaxın idi, amma yeni qaydalara uyğun bəzi dəyişikliklər edilmişdi. Motorun silindrlərinin açılış bucağı artırılaraq 80 dərəcəyə çatdırılmışdı. Ön asılqan yenilənmişdi – indi amortizator tam şaqulu vəziyyət almışdı. Amma F300 üçün əsas yeniliklər mövsümün gedişində hazırlanmışdı.
Mövsümün ilk yarışı göstərdi ki, Skuderiya, nəhayət, əsas rəqibi olan Williams komandasını qabaqlayıb, amma bu xəbər sevinc gətirmədi, çünki qırmızıların çox güclü rəqibi meydana çıxmışdı – McLaren. Əslində, rəqib dəyişməmişdi, rəqib “aerodinamikanın atası” sayılan Ədrian Nyui idi – Williams-ın çempion maşınlarını hazırlayan britaniyalı mühəndis indi McLaren-də çalışırdı.
Nyuinin hazırladığı maşınlar güclü Mercedes motoru və effektiv Bridgestone təkərləri ilə Avstraliyada rəqiblərini darmadağın etdilər. Yarışın gedişində Mika Həkkinen və Devid Kultharda bir dövrədə 2 saniyədən az uduzan yeganə sürücü Şumaxer idi, amma Mixaelin maşınında motor dözmədi. Bundan sonra McLaren-in sürücüləri öz aralarında qalibi müəyyən etdilər, 3-cü yerin sahibini isə bir dövrədən çox qabaqladılar.
Ekspertlərin fikrincə, çempionatı artıq başa çatmış hesab etmək olardı, amma Ferrari bu fikirlə razılaşmadı. Artıq mövsümün 3-cü yarışında Argentinada Goodyear daha enli ön təkərlər hazırladığı üçün sıralanma turunda Mixael poula az uduzdu, yarışda isə Mixael mövsümdə ilk qələbəsini qazandı, Eddi Örvayn isə 3-cü oldu. Bundan sonra Skuderiya hər bir yarışa yenilik gətirirdi və fərqi tədricən azaldırdı. Ən maraqlı yenilik isə Tyrrell-dən götürülmüş yan pantonlar üzərində quraşdırılmış qanadlar (X-wing) idi – bu qanadlar tezliklə qadağan olundular. Komanda inqilabi diffuzor hazırlamışdı, deltaşəkilli ön antiqanad da hamıdan fərqlənirdi. Arxa diffuzora istiqamətlənmiş qazburaxma sisteminin boruları isə qızmış havadan asfaltayatma qüvvəsini artırmaq üçün istifadədə atılan ilk addım idi.
FERRARİ F300
Tarix isə təkrar olunurdu. Ardıcıl ikinci il Mixael Şumaxer son yarışa qədər titul uğrunda mübarizə apardı, bu dəfə yenə də onun rəqibi – McLaren-dən Mika Həkkinen ilk titulunu qazandı. Məğlubiyyətə baxmayaraq, F300 çox rəqabətədavamlı alınmışdı – maşın 3 poul və 6 qələbə qazanmışdı (hamısı Mixaelin hesabına). Komandanın nəticələrinə GoodYear təkərlərinin effektivliyi də təsir etdi – Bridgestone-un yeni reqlamentə uyğun hazırladığı novçalı təkərlər daha effektiv alınmışdılar.
Təşkilati cəhətdən 1998-ci ilin maşını Skuderiyanın strukturunda növbəti vacib dəyişikliklə yadda qaldı. Con Barnardın gedişindən sonra Toleman və Benetton komandalarında konstruktor olmuş Rori Börn Skuderiya üçün ilk maşınını hazırladı – Benetton-da Şumaxerlə iki titul qazanmış Ross Braun isə bütün texniki məsələlərə rəhbərlik edirdi.
Texniki baxımdan F300 1997-ci ildən başlamış ənənəni davam etdirdi – maşının burnu bir qədər də dik və ensiz oldu, motor qapağının yuxarı xətti qalınlaşdı, yan pantonların arxasında peyda olan kəsiklər isə bu hissədə hava axınını optimallaşdırdı. Motor da yenilənmişdi – silindrlərin açılış bucağı 75-dən 80 dərəcəyə çatdırıldı, mövsümün sonunda motorun gücü 780 at qüvvəsi olmuşdu.
Mövsümün ilk yarışındakı darmadağından sonra çempionatda titulun taleyinin son yarışda müəyyən edilməsini heç kim təsəvvür edə bilməzdi. Amma Şumaxer F300-ün sükanı arxasında artıq 3-cü yarışda qələbə qazana bildi, sonra daha 5 dəfə fərqləndi və mövsümün sonuna 2 yarış qalmış Həkkinenlə eyni miqdarda xal topladı.
Komandanın gərgin işi bar verməyə başladı – mövsümün son üç Qran Prisində Mixael poul qazandı. Düzdür, bu işdə Goodyear təkər istehsalçısını da qeyd etmək lazımdır. Mövsümün ortasında çempionatdan gedəcəyini açıqlayan şirkət son ilində qələbə ilə çempionatı tərk etmək üçün əlindən gələni edirdi.
Lüksemburq Qran Prisində pit-stop strategiyası sayəsində Mixaeli qabaqlayan Həkkinen mövsümün son yarışına ldier kimi gəlmişdi. Ondan 4 xal geri qalan Mixaelin də şansları yüksək qiymətləndirilridi. Yaponiyada poulu yenə də Mixael qazandı. Qələbələrin sayına görə üstünlük Həkkinendə olduğu üçün finlandiyalı sürücüyə finişdə ikinci olmaq da yetərli idi. Amma Mixael və Ferrari-nin ümidləri elə startda puç oldular – təkrar starta görə Mixaelin maşınında ilişmə muftası qızdı, ona görə də poul əvəzinə sonuncu yerdən start almalı oldu. Yarışın gedişində 3-cü yerə yüksəlsə də, qırıntılar üzərindən keçərkən təkəri partladı və yarışı dayandırmalı oldu…
FERRARİ F300-ÜN ÇEMPİONATDA STATİSTİKASI
Mövsüm | Qran Pri | Start | Poul | Qələbə | Podium | Ən yaxşı nəticə |
1998-ci il | 16 | 32 | 3 | 6 | 19 | 1 |