Ferrari-nin təkamülü (1950-2016-cı illər): 46-cı yazı – Ferrari F310

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 22 gün qalır – 22 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 46-cı yazımızda Mixael Şumaxerin ilk qırmızı maşını F310 modelindən danışacağıq…

1996-cı ildə Ferrari-də 10 ildən çox davam edəcək yeni era başladı. Son iki titulu qazanmış Mixael Şumaxerin komandaya gəlməsi Skuderiyaya əlavə motivasiya verdi. Həmişə nadir iş qabiliyyəti ilə seçilən almaniyalı sürücü sutkarla yeni maşını test etməyə hazır idi və onun əhvalı bütün komandanı ruhlandırırdı. Komandanın başçısı Jan Todt da komandadan məhz bunu tələb edirdi.

Komanda üçün daha bir yenilik isə V10 mühərriyi idi – Ferrari şirkətinin tarixində ilk 10 silindrli motor. Onun gücü sələfi V12 motorundan geri qalmırdı – 700 at qüvvəsi, amma çox yüngül və yığcam idi. Ənənəyə uyğun olaraq, məhz motor yeni maşına ad verdi: F310 – motorun işçi həcmi 3 litr, silindrlərin sayı isə 10 idi.

Yeni maşın orijinl aerodinamika ilə fərqlənirdi – korpusdan uzaqlıqda yerləşən yan pantonların hava kanalları Skuderiyanın tarixində ən uğursuz maşınlardan birində – F1/92 A-da tətbiq olunmuşdu. Mühəndislər keçənilki maşının burnunu ön qanada bir pilonla birləşdirmişdilər.

Amma ilk yarışlarda maşın elə də yaxşı nəticələr göstərmədiyi üçün artıq Kanada Qran Prisində nəzərəçarpacaq dəyişikliklər edildi – maşının burnu yuxarı qaldırıldı və qanada iki pilonla yapışdırıldı. Maraqlıdır ki, ən maraqlı yenilik maşının sükanı idi. Sürücünün bütün idarəetmə elementləri sükanın üzərində yerləşmişdi – bu gün hamının norma hesab etdiyi sükan o zaman üçün inqilab idi…

FERRARİ F310

Ferrari, Scuderia Ferrari, Ferrari F310, 1996

Mühərriyin həcminin 3500 kub sm-dən 3000 kub sm-ə salınması Ferrari üçün V12 erasının bitməsi idi. 1996-cı ildə Skuderiya 10 silindrli V şəkilli silindrlərinin açılış bucağı 75 dərəcə olan yeni motora keçdi – Con Barnard bu yeniliyin tərəfdarı idi, onun daha yığcam motorla və daha balaca ölçülü yanacaq çəni ilə hazırladığı yeni maşın da çox yığcam alınmışdı.

Britaniyalı mühəndis yenə də bir çox innovativ ideyalarını maşında cəm etmişdi – yeni F310 peletonda korpusdan aralı yerləşən yan pantonları ilə fərqlənirdi. Yeni qaydalara görə sürücünün təhlükəsizliyi üçün – onun başını və boynunu qorumaq məqsədilə kokpitin yanları yuxarı qaldırılmışdı. Maşının burun elementi sələfində oduğu kimi aşağı sallanmışdı və ön qanada bir pilonla birləşmişdi.

Təəssüf ki, maşının nəticələri görünüşü kimi yaddaqalan olmadı – ön qanadın quruluşu maşının altlığına kifayət qədər havanın düşməyinə mane olurdu. Ön qanadın birpilonlu birləşməsi isə vibrasiyalara səbəb olaraq onun effektivliyini azaldırdı.

Ona görə də mühəndislər maşının burnunu qaldırmaqla qanada ikinci pilon qoşdular – nəticələr yaxşılaşdı. Mixael Şumaxerin Ferrari-də ilk mövsümü 3 qələbə ilə başa çatdı – almaniyalı sürücü İspaniyada, Belçikada və İtaliyada rəqiblərinə üstün gəldi. Komanda hələ də etibarlılıq problemlərini həll edə bilməmişdi – 16 yarışda sürücülər 16 dəfə finiş görməmişdilər. Çempionatda isə Williams komandası dominantlıq edirdi – son yarışda Deymon Hill titulu özünə təmin etdi…

FERRARİ F310-UN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari F310, 1996

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
1996-cı il 16 31 4 3 9 1
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*