Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 24 gün qalır – 24 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 44-cü yazımızda Ferrari-nin dördillik qələbə həsrətinə son qoyan 412 T1 modelindən danışacağıq…
1994-cü ildə FİA komandaların son illərdə tətbiq etdikləri bütün elektron sistemləri, o cümlədən, dartıya nəzarəti (trəkşn kontrol), ABS və aktiv asılqanları qadağan etdi. 1983-cü ildən sonra ilk dəfə yarışın gedişində yanacaq doldurulmasına icazə verildi, ona görə də mühərriklərin parametrləri və yanacaq çəninin ölçüləri dəyişdi. Komandalar yeni maşınları ağ vərəq üzərində qurmağa məcbur oldular, Ferrari isə Con Barnarda keçən ildən builki maşının hazırlanmasını həvalə etmişdi.
1994-cü ildə komandanın formalaşması davam edirdi. Komandanın başçısı Jan Todt, texniki direktori Con Barnard, baş konstruktoru isə Qustav Brünner idi. Yeni maşın isə Ferrari 412 T1 adını aldı – T hərfi Ferrari 321 T-də olduğu kimi trasversale (italyanca köndələn) sözündən götürülmüşdü və köndələn yerləşdirilmiş ötürmələr qutusundan istifadə olunduğunu xəbər verirdi. 4 – hər silindrdə klapanların sayı, 12 – isə silindrlərin sayı idi.
Əvvəlki mühəndislərin – Postltueyt və Mijonun irsi yeni maşında qalmışdı. Barnard Benetton-da keçirdyi müddət ərzində maşının burnunu ekstremal dərəcədə qaldırmışdı. Ferrari-yə gəldikdən sonra britaniyalı mühəndis bu konsepsiyadan əl çəkmədi, ona görə də maşın sələfinə bənzəyirdi. Amma yan pantonların forması ciddi dəyişmişdi.
Maşının təkər bazası artırılmışdı, yeni qaydalara əsasən sürücünün yeri də böyümüşdü. San Marino Qran Prisində Klaudio Lambardi və Osamu Qotonun hazırladığı yeni motor debüt etdi – sırlanma turunda onun gücü 800 at qüvvəsini aşırdı.
Mövsümün gedişində maşının konstruksiyasına daim dəyişikliklər edilirdi. Modernizə işinə Brünner cavabdeh idi – Barnard ümumi konsepsiyaya məsul idi. Fransada maşın ciddi yeniləndi və şassi 412 T1B adını aldı. Bu yenilənmədən sonra Ferrari 4 ildə ilk dəfə yarışda qələbə qazandı.
FERRARİ 412 T1
1994-cü il üçün komandanın hazırladığı 412 T1 modelinin adındakı T hərfi Maranelloda mühəndislərin yenidən köndələn yerləşən ötürmələr qutusuna qayıtdıqlarını bildirirdi. Kompozit strukturlu qutu yeniliklərdən biri idi – Barnardın bütün maşınları kimi 412 T1 innovasiyaların cəmi idi: ön asılqanların konstruksiyası isə mühəndis zehninin pik məhsulu idi.
Maşının digər xüsusiyyəti isə qeyri-adi aerodinamik forması idi – yan pantonlardakı hava kanlının girişi ellips forması ilə Fil Hillə titul qazandıran Ferrari 156F1-i xatırladırdı. Amma bu cür pantonlar maşının arxa hissəsində havanın sirkulyasiyasına mane olurdular.
Barnard bunu başa düşən kimi təcili maşının yeni şassisini hazırladı – 412 T1B Fransa Qran Prisində debüt etdi. Maşın daha uzun və dar pantonlarla təchiz olunmuşdu, hava axınını kənara çəkən defklektorlar isə genişlənmişdi.
Bu maşın daha rəqabətədavamlı idi və dördillik həsrətdən sonra Skuderiya Almaniyada Bergerin ilk qələbəsinə sevindi. Montsada Alezi qələbəyə çox yaxın olsa da, karyerasının ilk qələbəsini qazana bilmədi. Etibarlılıq hələ də aşağı səviyyədə idi – 16 yarışda 14 dəfə sürücülər finiş görməmişdilər…
Çempionatda isə yeni ulduz parlamaqdadır – Williams-a keçən Sennanın İmolada vəfatından sonra Benetton-dan Mixael Şumaxer və Willimas-dan Deymon Hill son yarışa qədər titul uğrunda mübarizə apardılar və almaniyalı sürücü 1 xal üstünlüklə karyerasında ilk titulu qazandı.
FERRARİ 412 T1-İN ÇEMPİONATDA STATİSTİKASI
Mövsüm | Qran Pri | Start | Poul | Qələbə | Podium | Ən yaxşı nəticə |
1994-cü il | 16 | 32 | 3 | 1 | 10 | 1 |