Ferrari-nin təkamülü (1950-2016-cı illər): 43-cü yazı – Ferrari F1/93 A

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 25 gün qalır – 25 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 43-cü yazımızda Jan Todtun komandaya başçı təyin olunduğu il hazırlanmış F1/93 A modelindən danışacağıq…

Ferrari üçün 1993-cü ildə əlamətdar olan hadisə, əslində, 1991-ci ilin noyabrında baş vermişdi: 1970-ci illərdə Ferrari-ni zirvəyə qaldıran Luka di Montedzemolo bu dəfə Ferrari şirkətinin prezidenti olmuşdu. Birbaşa Skuderiyaya rəhbərlik etməməsinə baxmayaarq, Luka komanda üçün yeni lider olmağı bacardı – 1988-ci ildə Ensto Ferrarinin ölümündən sonra komandaya belə bir lider çatışmırdı. Ona görə də Luka 3-4 il ərzində tam dağılmış komandanın strukturunu bünövrədən qurmağa başladı.

1993-cü ilin maşınını yenidən Harvi Postltueyt və Jan Klod Mijo hazırlamışdılar, amma artıq mövsümün gedişində Luka onların hər ikisini komandadan qovdu. Onların əvəzinə Luka komandadan getdikdən sonra Benetton komandasına güclü maşınlar hazırlayan Con Barnardı komandaya qaytardı. Barnard yenə də İtaliyaya köçməkdən imtina edərək Surrey qraflığında yerləşən ofisindən işləri idarə edəcəyini bildirdi. Luka razılaşdı və Barnard Gilfordda komandanın Ferrari Design and Development adlı bölməsini açdı.

Yeni maşın hətta komandanın daxilində keçid versiya kimi qiymətləndirilirdi, buna baxmayaraq Ferrari-nin tarixində aktiv asılqanlar quraşdırılan yeganə maşın sayılır. Mövsümün gedişində mühərriyə pnevmatik klapanlar qaytarıldı və gücü 740 at qüvvəsinə çatdırıldı.

Aerodinamik cəhətdən dəyişiklik çox deyildi – mühəndislər keçən ilin uğursuz elementlərindən imtina etdilər. “İkiqat altlıq” yoxa çıxdı, yan pantonlar ənənəvi forma aldılar. Buna baxmayaraq, F1/93 A bir qədər qeyri-adi görünürdü – amma buna səbəb aerodinamik forması deyildi, ənənəvi qırmızı qəngli maşında enli üfüqi ağ zolaq peyda olmuşdu…

FERRARİ F1/93 A

Ferrari, Scuderia Ferrari, Ferrari F1/93 A, 1993

Ferrari ilə qalmaqallı ayrılığından 4 il sonra Con Barnard komandaya Ferrari şirkətinin yeni prezidenti Luka di Montedzemolo tərəfindən geri qaytarıldı – McLaren üçün çempion maşınları hazırlayan Con son 4 ildə Benettonda rəqabətədavamlı maşınlar hazırlamışdı. Luka britaniyalı mühəndisin qarşısında bircə vəzifə qoymuşdu – Ferrari birinci yerə qayıtmalıdır.

Barnard Formula1 tarixində tanınmış mühəndis idi, amma hamı başa düşürdü ki, yeni maşının hazırlanması zaman tələb edir – ona görə də komanda 1993-cü ildə əvvəlki maşının bazasında hazırlanmış keçid versiyadan istifadə etdi. Mühəndislər sadəcə uğursuz elementləri ləğv etdilər və Williams-da Ədrian Nyuinin tətbiq etdiyi aktiv asılqanlar hazırladılar. Aydındır ki, bu maşınla qələbə uğrunda mübarizə aparmaq mümkün deyildi, amma işlər əvvəlkindən yaxşı getməyə başladı. Monte Karloda Alezi, Macarıstanda Berger podium qazandılar.

Montedzemolo yayda komandaya yeni başçı təyin etdi – ralli yarışlarında və dözümlülük yarışlarında Peugeot-nun hökmranlığını təmin etmiş Jan Todt F1 ictimaiyyətinə təqdim olundu.

Todtun tətbiq etdiyi idarə forması olduqca sadə idi: işləmək, işləmək və yenə də işləmək. Janın təyinatından cəmi 2 ay sonra Alezi İtaliya Qran Prisində 2-ci oldu – son iki ildə Ferrari-nin ən yüksək nəticəsi.

Amma etibarlılıq əsas problem olaraq qalmaqdadır – Alezi və Berger 16 yarışda 19 dəfə finiş görməmişdilər. Çempionatda isə Williams-ın hegemonluğu davam edir: keçən il Ferrari-dən 1990-cı ildə qovulmuş Naycel Mənsell çempion olmuşdusa, bu dəfə 1991-ci ildə Ferrari-dən qovulmuş Alen Prost dördüncü titulunu qazandı.

FERRARİ F1/93 A-İN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari F1/93 A, 1993

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
1993-cü il 16 32 0 0 3 2
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*