Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 28 gün qalır – 28 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 40-cı yazımızda Sennanın qəzası ilə titulun bir addımlığında dayanan F1/90 modelindən danışacağıq…
1989-cu ilin sonunda Con Barnard Ferrari-ni tərk edərək Benetton komandasına keçdi, onun yerinə italyanlar iki mühəndis gətirdilər: Williams-dan Enrike Skalabroni və McLaren-dən Stiv Nikols. Barnardın hazırladığı və 641-ci layihə olan maşın Ferrari F1/90 adını aldı. Mövsümün gedişində Nikols və Skalabroni maşını təkmilləşdirdilər. Bir neçə il əvvəl Nikols McLaren komandasında da Barnardın irsini təkmilləşdirməklə məşğul olmuşdu və nəticədə MP4-3 alınmışdı.
Skalabroni isə yarımavtomat ötürmələr qutusunun hazırlanmasında böyük təcrübəyə malik idi – eyni qutuları Williams komandasında 1986-cı ildən test edirdi (amma yarışda ilk dəfə 1991-ci ildə istifadə olunacaq). Skalabroni Ferrari-nin ötürmələr qutusunu təkmilləşdirdi, onun effektivliyini və ən başlıcası – etibarlılığını artırdı.
Maşının bazası bir qədər uzadıldı, aerodinamik profil isə daha hamar forma aldı. Bundan başqa mühəndislər maşının soyutma sistemini də yaxşılaşdıra bildilər. İmolada debüt edən yeni motor isə sələfindən 50 at qüvvəsi güclü oldu.
Bütün bu dəyişikliklərdən sonra F1/90 mövsümün ən sürətli, ən etibarlı maşınlarından birinə çevrildi. Düzdür, Alen Prostun da rolunu qeyd etmək lazımdır. Fransalı sürücü təkcə maşının burnuna 1 rəqəmini gətirməmişdi, həm də maşının testlərdə “uşaq xəstəliklərinin” müəyyən edilərək aradan qaldırılması üçün gecə-gündüz çalışmışdı.
FERRARİ F1/90
1989-cu ilin sonunda 3-cü titulunu qazanmış Alen Prostu komandaya götürən Ferrari komandası mühəndis Con Barnardla müqaviləsini pozdu. Münasibətləri həmişə gərgin olan britaniyalı mühəndisin əvəzinə komanda argentinalı Enrike Skalabroni ilə müqavilə bağladı. Skalabroni heç bir vaxt sürücülük vəsiqəsi olmadan Formula1 maşınları hazırlayan mühəndis idi. Onunla birlikdə Stiv Nikols çalışırdı – 1988-ci ildə onun hazırladığı McLaren MP4-4 tarixin ən güclü maşını sayılırdı. Komandanın idman direktoru vəzifəsini isə Çezare Fyorio tutdu.
Skalabroni və Nikols əvvəlcədən Barnardın hazırladığı maşının əsas parametrlərinə əl dəymədilər, onlar sadəcə aerodinamikanı və çəki paylanmasını optimallaşdırdılar. Ördək burnunu xatırladan ön çıxıntı daha iti forma aldı, arxa təkərlərin yanında isə korpus daha çox daraldı. Motorun gücü 710 at qüvvəsinə çatdırıldı. Beləliklə, F1/89 “iyrənc ördək balasından” gözəl F1/90-a çevrildi.
Üçqat dünya çempionu Alen Prostun və Naycel Mənsellin əlində maşın sanki uçurdu. Fransalı sürücü mövsümün sonunda titula namizəd idi, amma Yaponiya Qran Prisində Sennanın Prosta bir il əvvəlki borcunu qaytarmaqla qəza etməsi, Ferrari-nin məğlubiyyəti ilə başa çatdı.
Komandada sürücülərin münasibəti də münbit deyildi: Naycel biləndə ki, mövsümün sonunda onu komandadan qovacaqlar, Prostun titul qazanmasına mane oldu. Prost isə biləndə ki, Çezare Fyorio gələn il komandaya Sennanı gətirmək istəyir, komandada növbəti konflikt yaşandı.
Alen Prost Ferrari-yə 10 ildən çox gözlənilən titulu gətirə bilmədi, amma bunun üçün əlindən gələni elədi. Maraqlıdır ki, komandanın zəif bəndi Naycel Mənsell oldu. Tənbəlliyi ilə peletonda seçilən Naycell testlərdən daim boyun qaçırırdı, Prost isə həftələrlə Mucelloda çalışırdı.
Mövsümün sonunda Skuderiya britaniyalı sürücüdən narazılığını gizlətmirdi. Mövsümün sonuna 4 yarış qalmış Portuqaliya Qran Prisində Mənsell komanda yoldaşını qabaqlayaraq poul qazandı. Amma yaxşı start almayan britaniyalı sürücü titul uğrunda mübarizə aparan komanda yoldaşını irəli buraxmaq əvəzinə onu vurub trasdan çıxardı. Nəticədə McLaren-dən Senna və Berger qırmızı maşınları qabaqladılar. Düzdür, finişə qədər Mənsell liderliyi özünə qaytara bildi, amma finişdə Senna ikinci, Prost isə üçüncü oldu – sürücülər arasında fərq azalmaq əvəzinə artdı.
Yarışdan sonra komanda elan etdi ki, gələn il Mənselli fransalı sürücü Jan Alezi əvəz edəcək – maraqlıdır ki, Jan Williams komandası ilə danışıqlar aparırdı, amma onun qırmızlarla müqavilə bağlamasından sonra, Naycel Williams-a keçdi və 2-ci mövsümündə çoxdan gözlədiyi titulu qazandı.
Çempionatın növbəti yarışında isə Prost mövsümdə 5-ci qələbəsini qazandı, Sennanın finiş görməməsi onun titul şanslarını artırdı. İndi əzəli rəqibləri cəmi 9 xal ayırırdı, mövsümün sonuna isə iki yarış qalmışdı. Amma Suzukada ilk döngədə Senna qəsdən Prosta çırpılaraq ikinci titulunu qazandı: Skuderiya uzun müddətdən sonra ən real titul şansını itirdi.
Komanda Mühəndislər Kubokunu da qazana bilmədi: Prost kifayət qədər stabil çıxış edirdi, cəmi 4 dəfə (o cümlədən Suzukada) finiş görməmişdi, Mənsell isə 16 yarışdan cəmi 7-də damalı bayrağa sevinmişdi.
FERRARİ F1/90-NIN ÇEMPİONATDA STATİSTİKASI
Mövsüm | Qran Pri | Start | Poul | Qələbə | Podium | Ən yaxşı nəticə |
1990-cı il | 16 | 32 | 3 | 6 | 14 | 1 |