Ferrari-nin təkamülü (1950-2016-cı illər): 38-ci yazı – Ferrari F1/87

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 30 gün qalır – 30 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 38-ci yazımızda komandaya iki ildə cəmi 3 qələbə qazandıran F1/87 modelindən danışacağıq…

Yenə də əvvəlki mövsümün uğursuzluğu Ferrari komandasının rəhbərliyini həm maşının konstruksiyasında, həm də komandanın strukturunda radikal dəyişikliklərə məcbur etdi.  Skuderiyanın heyətinə iki xarici konstruktor cəlb olundu: McLaren-ə ardıcıl 3 titul qazandıran Con Barnard və əvvəllər ATS, RAM komandalarında çalışmış Qustav Brünner.

Brabham komandasının sürücüsü Elio de Ancelisin 1986-cı il testlərində faciəvi ölümü çempionatın reqlamentində növbəti dəyişikliklərə səbəb oldu. Turbo motorların gücünün artırılması yarışını saxlamağa cəhd edən federasiya bir il əvvəl qadağan etdiyi adi motorların istifadəsinə yenidən icazə verdi, Amma turbo motorlarla bərabər mübarizə üçün onların həcmi 3.5 litrə qaldırıldı. Aydındır ki, məmurlar başa düşürdülər ki, turbinli motorlardan heç kim könüllü imtina etməyəcək, ona görə də elan edildi ki, 1989-cu ildən turbo motorlar çempionatda qadağan olunacaq. Ona görə də Entso dərhal perspektivi qiymətləndirərək Barnarda adi motorlu maşının hazırlanmasını tapşırdı, keçid dövrünün modelini isə Brünner əvvəlki konstruktor Harvi Postltueytlə birlikdə hazırladı. Barnard, eyni zamanda bu layihəyə də nəzarət edirdi – mühəndis İtaliyaya gəlməkdən imtina etdiyi üçün Gilfordda yerləşən şəxsi bazasından mühəndislərə müəyyən məsləhətlər göndərirdi.

Ferrari F1/87 adını almış yeni maşın sələfindən ciddi fərqlənirdi: əvvəla, sıfırdan hazırlanmış V6 turbo motorun silindrlərinin açılış bucağı 120 dərəcədən 90 dərəcəyə salınmışdı. Ona görə də yeni motor daha yığcam alınmışdı. Motora altıpilləli yeni ötürmələr qutusu qoşulmuşdu ki, motorun fırlanma anından daha effektiv istifadə etməyə imkan verirdi. Xarici görünüşcə F1/87 sələfindən fərqlənməsə də, praktiki olaraq bütün aerodinamik elementləri optimallaşdırılmışdı.

1988-ci ildə komanda yenə də bu maşından istifadə etmişdi, sadəcə ön və arxa antiqanadlar yenilənmişdilər. Reqlamentin tələbinə uyğun yanacaq çəninin 190 litrdən 150 litrə salınması isə motor qapağını aşağı salmağa imkan vermişdi. Yeni qaydalara əsasən, turbo qovucunun təzyiqi 4 bardan 2.5 bara endirilmişdi ki, motorun gücü azalsın. Buna baxmayaraq, Ferrari motoru peletonda ən güclü idi – 650 at qüvvəsi. Amma belə güclü motorun yanacaq sərfiyatı da olduqca yüksək idi və komandanın sürücüləri daim finişə çatmaq üçün ayaqlarını qazın üstündən götürməli olurdular.

Bunu görən Con Barnard mövsümün əvvəlində komandaya məsləhət görmüşdü ki, motorun dirsəkli valının dövriyyəsini 1000 dövrə/dəqiqə azaltsınlar və motorun sazlanmasında müəyyən dəyişikliklər etsinlər. Lakin Britaniyada oturan Barnardla İtaliyada çalışan mühəndislərin münasibətləri yaxşı olmadığı üçün onun məsləhətləri qulaq ardına vurulurdu. Onun məsləhət gördüyü dəyişikliklər Montsa yarışından əvvəl tətbiq olundu və komanda gözlənilmədən dubla imza atdı. Təəssüf ki, Kommendatore bu dublu görə bilmədi – bir ay əvvəl komandanın qurucusu və əvəzsiz başçısı Entso Ferrari artıq dünyasını dəyişmişdi…

FERRARİ F1/87

Ferrari, Scuderia Ferrari, Ferrari F1/87, 1987-1988

1987-ci ildə Ferrari-nin tarixində yeni səhifə başlayır – əvvəla, Con Barnardla müqavilə bağlanmışdı və McLaren-ə ardıcıl 3 titul qazandıran mühəndis dərhal 1989-cu ilin maşını üzərində işə başlamışdı, ikincisi isə, komandann motorçuları yeni V6 tubo motor hazırlamışdılar – silindrlərin açılış bucağı 120 dərəcədən 90 dərəcəyə salınmışdı, üçüncüsü, turbo motorların qadağan olunmasına qədər qalan iki mövsüm üçün yeni maşın hazırlamaq avstriyalı Qustav Brünnerə tapşırılmışdı.

Sələləfləri ilə müqayisədə F1/87 çox sadə görünüşə malik idi. Brünner klassik layihəyə üstünlük vermişdi, çox yığcam maşının bütün detalları optimallaşdırılmışdı. Mövsümün çətin startından sonra mövsümün sonuna doğru Skuderiyanın nəticələri yarışdan yarışa yaxşılaşırdı, son iki yarışda isə qırmızı maşınlar rəqib tanımırdılar.

Son iki yarışın nəticəsi Maranelloda mühəndisləri ruhlandırdı, onlar yeni qanadlarla mövsümə modernizə olunmuş maşın çıxardılar (bəzi məlumat kitablarında bu maşın F1/87-88 adlanır). Amma Skuderiyanın sürücüləri McLaren MP4-4-ün sükanı arxasında Aysrton Senna və Alen Prosta qarşı aciz oldular – 16 yarışdan 15-də məhz ağ-qırmızı maşınlar qələbə qazandılar. Qırmızı komanda isə İtaliya Qran Prisində Berger və Alboretonun dublu ilə kifayətlənməli oldu – üç həftə əvvəl Entso Ferrari dünyasını dəyişmişdi və bu dublu görə bilmədi. Mövsümün sonunda isə Senna ilk titulunu qazandı.

1987-ci ildə qırmızı maşınlar 19 dəfə finiş görə bilməmişdilər, 1988-ci ildə isə bu hal 11 yarışda təkrarlanmışdı…

FERRARİ F1/87-NİN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari F1/87, 1987-1988

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
1987-ci il 16 32 3 2 6 1
1988-ci il 16 32 1 1 8 1
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*