Ferrari-nin təkamülü (1950-2016-cı illər): 37-ci yazı – Ferrari F1/86

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 31 gün qalır – 31 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 37-ci yazımızda komandaya heç bir qələbə qazandırmayan F1/86 modelindən danışacağıq…

1986-cı ildə FİA çempionatda yalnız turbo motorlardan istifadəyə icazə verdi, hərçənd, bu qayda heç nəyi dəyişmədi – hələ bir il əvvəl çempionatın bütün iştirakçıları adi motorlardan imtina etmişdilər. Ferrari komandası mövsümün startına ciddi yenilənmiş maşınla çıxdı – F1/86. Düzdür, onun hazırlanmasında baza model kimi Ferrari 156/85-dən istifadə olunmuşdu, amma modelin adından 60-cı illərin əvvəlində istifadə olunmuş 156 indeksini ixtisar etmək qərara alındı.

Maşının xarici görünüşündə nəzərə çarpan dəyişiklik təhlükəsizlik qövsü yanından başlayan yuxarı hava kanalı idi. Asılqanın bəzi elementlərinin forması dəyişsə də, onun quruluşu dəyişməmişdi. Sürücünün yeri bir qədər də irəli çəkildi. Motor növbəti dəfə modernizəyə uğradı – indi onun sıralanma turunda gücü 1200 at qüvvəsi, yarışda isə 850 at qüvvəsinə çatmışdı.

Belə güclü motorun sayəsində Skuderiyanın sürücüləri düzlüklərdə ən sürətli olurdular, amma döngələrdə vəziyyət pis idi. Ona görə də komandanın sürücüləri Williams-Honda, McLaren-Porsche və Lotus-Renault sürücülərinə uduzurdular. Yohanson mövsümdə dörd podium qazanaraq, mövsümü 5-ci yerdə başa vurdu. Alboreto cəmi bir podium qazansa da, Yohansondan 2 dəfə az xal toplasa da, komanda ilə müqaviləsini uzatdı – Yohanson isə gənc və perspektivli Gerhard Bergerə qurban verildi.

FERRARİ F1/86

Ferrari, Scuderia Ferrari, Ferrari F1/86, 1986

1986-cı ildə çempionatda yalnız turbo motorların istifadəsinə icazə verildi – bir il əvvəldən bu motorlara keçən iştirakçılar qış fasiləsində motorun gücünü artırmaqla məşğul oldular. Ferrari-nin motorçuları da boş oturmurdular və mövsümün əvvəlində motorun gücünü 850 at qüvvəsinə çatdırdılar. Təkmilləşdirmə işləri mövsümün sonunda motorun gücünü 890 at qüvvəsinə çatdırmağa imkan verdi. Sıralanma turunda isə motorun gücü asanlıqla 1200 at qüvvəsinə çatdırılırdı. İşçi həcmi cəmi 1.5 litr olan motor üçün möhtəşəm nəticə idi.

Ferrari-nin mühəndisləri maşının strukturu ilə də ciddi işləmişdilər. Onlar maşının ağırlıq mərkəzini çox aşağı sala bilmişdilər. Aerodinamik cəhətdən F1/86 elə də yaxşı görünmürdü, amma mühəndislər maşının  arxasında “butulka boğazı” effektini ustalıqla tətbiq etmişdilər.

Bəs bu yeniliklər titul uğrunda mübarizə üçün yetərli idi? Əlbəttə, yox! Komanda mövsüm ərzində heç bir qələbə qazanmadı. Sıralanma turunda ən yüksək nəticəni Alboreto Monakoda dördüncü yeri qazanmaqla əldə etdi. Mövsümdə 18 dəfə finiş görməyən sürücülər cəmi bir dövrə yarışa başçılıq etdilər – Naycel Mənsell Belçikada Alboretodan bir dövrə əvvəl boksa yollanmışdı. Ona görə də artıq mövsümün sonunda Entso Ferrari böyük məbləğ müqabilində McLaren-in keçmiş konstruktoru Con Barnardla müqavilə bağladı, Yohansonun yerinə isə Niki Laudanın varisi sayılan Gerhard Bergerin komandaya gəlməsi elan olundu. Mövsüm Williams komandasının sürücülərinin üstünlüyü ilə keçsə də, McLaren-in sürücüsü Alen Prost son yarışda ardıcıl ikinci titulunu bayram etdi.

FERRARİ F1/86-NIN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari F1/86, 1986

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
1986-cı il 16 32 0 0 5 2
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*