Ferrari-nin təkamülü (1950-2016-cı illər): 33-cü yazı – Ferrari 126 C2B

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 35 gün qalır – 35 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 33-cü yazımızda qraund-effektin ləğvindən sonra komandanın tələsik hazırladığı 126 C2B modelindən danışacağıq…

Keçən il baş verən faciəvi hadisələr ardıcıllığı Ferrari komandasına qraund-effektdən tam yararlanmağa imkan vermədi. Komanda peletonda sonuncu olaraq bu effekti öz maşınında tətbiq etmişdi ki, FİA növbəti mövsümdən bu effekti qadağan etdi. Səbəb aydın idi – çempionatda sürücü ölümləri artmışdı, məqsəd sürətləri azaltmaq idi. Ona görə də Ferrari 1983-cü ilin əvvəlində çempionata digər komandalar kimi yeni reqlamentə adaptasiya olunmuş köhnə maşınla qatıldı – yeni maşın Ferrari 126 C2B adını aldı.

Maşında ön və arxa antiqanadlar, eləcə də ön asılqanlar tam yenilənmişdi, yan pantonlar isə qısaldılmışdı. Bir neçə yarışdan sonra arxa asılqanlar da yenilənmiş və itələyicidən dartıcıya keçirilmişdi. Komanda 126 C2B ilə mövsümün yarısını keçirdikdən sonra 126 C3 modelinə keçmişdi. Maraqlıdır ki, 16 ildən sonra, yəni 1999-cu ildə Mixael Şumaxer komandanın bazasında Ferrari 126 C2B modelini test etmişdi.

1983-cü ildə isə komandanın heyətində Patrik Tambe çıxışını davam etdirdi, onun komanda yoldaşı həmyerlisi Rene Arnu oldu.

FERRARİ 126 C2B

Ferrari, Scuderia Ferrari, Ferrari 126 C2B, 1983

Ferrari 126 C2-nin ömrü daha yarım il uzadıldı: Formula1 tarixində turbo motorlara ilk Mühəndislər Kubokunu qazandıran maşın FİA-nın yeni reqlamentinə adaptasiya olunaraq 1983-cü ildə daha 8 yarışa çıxarıldı. 1982-ci ildə baş verən ölüm hadisələrindən sonra federasiya qraund-effekti yaradan aerodinamik ətəkləri qadağan etdi və maşının altlığının düz olmasını əmr etdi.

Komandaların mühəndisləri müxtəlif həll yolları axtarırdılar. Brabham mühəndisləri oxvari formaya üstünlük vermişdilər, McLaren maşınlarında korpus öndə enli başlayıb arxada daralırdı (butulka boğazı – coke bottle), Ferrari isə ənənəvi qərara üstünlük verdi. Daha çox asfaltayatma qüvvəsi almaq üçün Maranelloda mühəndislər sadəcə pantonları qısaltdılar və iti burun düzəltdilər, arxada isə minidiffuzor yerləşdirdilər.

Ən maraqlı element isə arxa antiqanad idi – mühəndislər sanki qanad içində qanad düzəltmişdilər. Bu yolla mühəndislər yavaş və ortasürətli döngələrdə itmiş asfaltayatma qüvvəsini kompensə etməyə çalışmışdılar.

Maşın faktiki olaraq sələfinin modernizə olunmuş versiyası idi: Patrik Tambe San Marino Qran Prisində, Rene Arnu isə Kanada Qran Prisində qələbə qazandılar.

FERRARİ 126 C2B-NİN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari 126 C2B, 1983

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
1983-cü il 8 16 4 2 6 1
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*