Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 43 gün qalır – 43 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 25-ci yazımızda komandanı çoxdan gözlənilən titulun bir addımlığında saxlayan 312 B3 F modelindən danışacağıq…
Alessandro Kolombonun uğursuzluğundan və gənc Luka di Montedzemolonun komandaya başçı təyin olunmasından sonra Entso Ferrari təcili Mauro Forqyerini geri çağırır. Mauro monokok kuzov üzərində yığılmış ilk maşını əsas götürsə də, praktiki olaraq onu tanınmayacaq dərəcədə dəyişir.
Yeni modelin adı dəyişməsə də, sonradan məlumat kitabçalarında Forqyerinin şərəfinə 312 B3 F adlandırılmışdı. Mauro təcili hazırladığı yeni maşını 1973-cü ilin Avstriya Qran Prisində o zaman komandanın yeganə sürücüsü Arturo Mertsarioya həvalə edir. Kolombo soyuducu radiatorları monokokun yanına çəkə bilməmişdi və yenidən buruna yerləşdirmişdi. Amma Forqyeri maşının sağ və solunda yan saydpodları ensiz və uzun etməklə radiatorlara kifayət qədər hava düşməsini təmin edir. Tələsik hazırlanan model dərhal sələfindən sürətli alınır.
Qış fasiləsi zamanı Mauro təkmilləşdirmə işlərini davam etdirir – maşının təkər bazasını azaldır, çəki paylaşmasını dəyişir və maşının burnunu yenidən yığır: bu günlərdə adət etdiyimiz ilk enli antiqanad peyda olur. Bundan başqa maşında daha bir önəmli yenilik yer alır – motorun əsas hava kanalı sürücünün başının üzərinə qaldırılır və periskop formasını alır. Bu cür hava kanalında əsas məqsəd təmiz hava axınını motora ötürmək idi.
Di Montedzemolo sürücü Mertsarionun yerinə Kley Reqatsonini komandaya qaytarır, isveçrəli sürücü komanda yoldaşı kimi avstriyalı gənc sürücü Niki Laudanın komandaya gətirilməsinə təkid edir. Mövsüm uğurlu alınır və Reqatsoni yalnız son yarışda titulu McLaren-in sürücüsü Emerson Fittipaldiyə uduzur.
FERRARİ 312 B3 F
Mauro Forqyerinin tələsik yenilədiyi 312 B3 F modeli 1973-cü ilin Avstriya Qran Prisində debüt etmişdi – Arturo Mertsario dərhal yeni modelin sələfindən sürətli olmasını qeyd etmişdi. Qış fasiləsi zamanı Mauro yeni maşını tam dəyişir. Öndə yeni antiqanad yer alır, radiatorlar burundan yan tərəflərə keçirildiyi üçün maşının sağ və solunda uzun saydpodlar peyda olur, tam yeni asılqanlar yığılır və periskop tipli hava kanalı sürücünün başı üzərində ucalır.
Maşının effektivliyi artdığı üçün Ferrari titula əsas namizəd olur. Kley Reqatsoni və Niki Lauda mövsümün 15 yarışına 10 dəfə pouldan başlamışdlar. Amma müəyyən texniki problemlər üzündən Niki yalnız İspaniya və Hollandiyada, Kley isə təkcə Almaniyada qələbəyə sevinmişdilər. Komandanın sürücüləri arasında rəqabət və qeyri-sağlam atmosfer olmasaydı, bəlkə də Reqatsoni Ferrari-yə 10 il gözlənilən titulu qazandıra bilərdi. Amma mövsümün son yarışında sevinən tərəf McLaren və artıq ikiqat dünya çempionu Emerson Fittipaldi oldu.
1975-ci ildə komanda 312 T modelinin debütünü gözlədiyi üçün mövsümün ilk iki yarışında Niki və Kley yenə də 312 B3 F-lə starta çıxmalı olurlar…
FERRARİ 312 B3 F-İN ÇEMPİONATDA STATİSTİKASI
Mövsüm | Qran Pri | Start | Poul | Qələbə | Podium | Ən yaxşı nəticə |
1973-cü il | 4 | 5 | 0 | 0 | 0 | 7 |
1974-cü il | 15 | 30 | 10 | 3 | 12 | 1 |
1975-ci il | 2 | 4 | 0 | 0 | 0 | 4 |