Ferrari-nin təkamülü (1950-2016-cı illər): 20-ci yazı – Ferrari 312 B

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 48 gün qalır – 48 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 20-ci yazımız tam yenilənmiş və komandaya yeni ümidlər vermiş 312 B modelinə həsr olunub.

1970-ci ildə Skuderiya özünə gəlməyə başlayır: FİAT-ın pulları konstruktorlara azadlıq verir, ona görə də komandanın həm Formula1-də, həm də sportkarların yarışında nəticələri yaxşılaşmağa başlayır. Hətta Jaki İks də komandaya qayıtmışdı, mövsümün 5-ci yarışından etibarən onun komanda yoldaşı italyan əsilli isveçrəli sürücü Kley Reqatsoni oldu.

Dörd il modernizə olunan 312 F1 modelini yeni 312 B modeli əvəz edir. B hərfi boxer (bokser) sözündən götürülmüşdü – Avropada klassik oppozit mühərriklər belə adlanırdı: mühərrikdə hər bir silindrin qarşısında başqa bir silindr olur, onların daxilindəki porşenlər isə əks istiqamətlərdə hərəkət edirlər, yəni gah bir-birinə qarşı, gah da bir-birinin əksinə. Bu cür mühərrik Ferrari-də ilk dəfə hazırlanmışdı – əvvəlki oppozit mühərriklərdə iş sxemi V-şəkilli mühərriklərdə olduğu kimi idi.

Yeni motoru Forqyeri sıfırdan qurmuşdu – keçən mövsümü Modenada sürgündə keçirən mühəndisin bunun üçün kifayət qədər vaxtı var idi. Bundan başqa oppozit sxemli motorun ağırlıq mərkəzi V-şəkilli motorun ağırlıq mərkəzinə nisbətən aşağıda olduğu üçün 312 B daha dinamik alınmışdı. Yerdə qalan xüsusiyyətlərinə görə 312 B sələfindən fərqlənmirdi – Forqyeri hələ də monokok tipli şassiyə keçmək istəmirdi və komanda keçid versiya olan “yarım-monokok”dan istifadə edirdi: deşikli boru rama alüminium lövhələrlə bərkidilirdi.

FERRARİ 312 B

Ferrari 312 B

 

Ferrari komandası tarixində daha bir səhifəni bağlayır. FİAT-la sövdələşmə və yeni maliyyə resurslarının əmələ gəlməsi 1969-cu ilin sonunda yeni 312 B-nin və hər şeydən əvvəl güclü 12 silindrli 3 litrli boxer tipli mühərriyin hazırlanmasına gətirib çıxarır.

Mauro Forqyerinin hazırladığı oppozit mühərrik Formula1-də inqilab idi, nəticədə motorun gücü 460 at qüvvəsinə çatmışdı və ağırlıq mərkəzinin aşağı düşməsi maşının dinamikasını artırmışdı.

Maşının kuzovu “yarım-monokok” idi, maşın klassik siqar formasında idi, burunda ön qanadlar, arxada isə tam antiqanad yer almışdı. Su radiatoru burunda, yağ radiatoru isə arxa təkər oxundan sonra yerləşdirilmişdi.

1969-cu ildə Kris Eymon maşınla Montsada debüt etməli idi, amma sərbəst yürüşlərdən sonra maşının sazlanmalara reaksiyasından narazı qalan Kris köhnə maşına qayıtmışdı. 1970-ci ildə mövsümün ilk yarışlarındakı uğursuzluqlardan sonra Ferrari 312 B-nin effektivliyi həndəsi silsilə ilə artmağa başladı. Mövsümün sonunda Jaki İks hətta titula namizəd idi və Yoxen Rindtin vəfatından sonra cüzi fərqlə titulu əldən vermişdi.

Mövsüm maraqlı başlamışdı – ilk 3 yarışda Jaki İks komandanı təkbaşına təmsil edirdi və hər 3 yarışda finiş görməmişdi. Mövsümün 4-cü yarışında – Belçika Qran Prisində İqnatsio Cunti komandada debüt edir və texniki problemlərə baxmayaraq, yarışı 4-cü başa vurmaqla Skuderiyaya mövsümün ilk xallarını qazandırır.

Növbəti yarışlarda İks gah Cunti ilə, gah Reqatsoni ilə, gah da hər ikisi ilə birlikdə çıxış edir və nəticələr durmadan artır. Mövsümün sonunda Ferrari ən yüksək formaya sahib olur və Montsada İtaliya Qran Prisində çempionatın lideri Yoxen Rindt həlak olur. İks titulu əldə etmək üçün yerdə qalan 3 yarışda qələbə qazanmalı idi, amma ABŞ-da pouldan start alan və trasda ən sürətli olan Jaki yanacaq sızması üzündən bunu edə bilmədi. Rindt ölümündən sonra çempion olur, İks və Reqatsoni isə çempionatda sonrakı yerləri tuturlar.

1971-ci ildə çempionata Skuderiya yenə də 312 B ilə başlayır və mövsümün ilk yarışında Mario Andretti gözəl qələbə qazanır. Digər yarışlarda maşın uğur qazanmasa da, son 6 ilin ən uğurlu maşını kimi komandada hamını ruhlandırır…

FERRARİ 312 B-NİN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari 312 B

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
1970-ci il 13 25 5 4 9 1
1971-ci il 5 9 1 1 3 1
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*