Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 66 gün qalır – 66 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşının təkamülü ilə tanış edəcəyik. İkinci söhbətimiz isə çempionatın debüt ilində Ferrari-nin hazırladığı uğursuz Ferrari 125 F1-i əvəzləyən Ferrari 375 F1 maşını olacaq…
Ferrari 125 F1-in uğursuz çıxışının əsas həlledici problemi zəif motor idi. Ona görə də 1950-ci ilin ortalarında Entso konstruktor Kolombonu yol maşınları şöbəsinə göndərdi, komandanın baş konstruktoru vəzifəsinə isə Aurelio Lampredini təyin etdi. Turbodan imtina edən Aurelio motorun işçi həcmini artırmağa başladı. Motorun həcmi artdıqca maşının indeksi də dəyişirdi. Beləki, 3.3 litrlik motorla yeni şassi Ferrari 125/275, 2 litrlik motorla isə Ferrari 166 adlanırdı.
İyulun 30-da çempionatın təqvimində olanmayan Cenevrə yarışında Alberto Askari yeni Ferrari 340 F1-i trasa çıxarır – 4.1 litrlik motorun gücü 330 at qüvvəsinə çatmışdı. Yenilənmiş arxa asılqanlar, dördpilləli ötürmələr qutusu və uzadılmış təkər bazası maşınının manevrliyini artırmışdı. Askari bu maşınla Alfa Romeo 158-də olan rəqibləri ilə mübarizə aparmağa başladı. Amma yarışın sonundu yeni motor dağıldı, motordan sızan yağın üzərində sürüşən Ferrari-nin digər sürücüsü Vilorezi tamaşaçılarla dolu olan tribunaya girdi. Üç tamaşaçı yerindəcə öldü, 12 tamaşaçı isə yaralandı, Vilorezinin ayağı sındı.
Mövsümün sonunda isə Lampredi motorun həcmini icazə verilən maksimuma – 4.5 litrə çatdırır, yeni maşın isə Ferrari 375 F1 adlanır. Motorun gücü elə 330 at qüvvəsi qalsa da, xarakteristikasının elastikliyi xeyli artmışdı. Məhz bunun sayəsində mövsümün son yarışında Montsada Askari podium qazana bildi – Alfa Romeo-nun sürücüsü Farina isə qələbə qazanaraq tarixin ilk Formula1 çempionu oldu.
FERRARİ 375 F1
Növbəti mövsümə hazırlıq çərçivəsində yeni motor bir qədər də təkmilləşdirilir və gücü 380 at qüvvəsinə çatdırılır. Mövsümün gedişində maşına yeni arxa asılqanlar, dördpilləli ötürmələr qutusu quraşdırılır və təkər bazası artırılır. Motorun nasazlıqlarını aradan qaldırmaq üçün Weber karbüratorları quraşdırılır və yeni yandırma metodu tətbiq edilir. Mövsümün 5-ci yarışı olan Böyük Britaniya Qran Prisində argentinalı sürücü Xose Froylan Qonsales Ferrari-yə dünya çempionatı tarixində ilk qələbəni qazandırır. Beləliklə yeni əfsanənin əsası qoyulur.
İlk qələbədən ruhlanan Ferrari sürücüləri növbəti iki Qran Pridə də podiumun ən yüksək pilləsinə qalxırlar – hər iki halda Alberto Askari fərqlənir. Beləliklə, Ferrari 375 F1 tarixə 3 qələbə və 13 podium qazanan maşın kimi düşür. Bu maşınla Entsonun sürücüləri onun əsas rəqibi olan Alfa Romeo ilə təkər-təkərə mübarizə apara bilirlər.
FERRARİ 375 F1-İN ÇEMPİONATDA STATİSTİKASI
Mövsüm | Qran Pri | Start | Poul | Qələbə | Podium | Ən yaxşı nəticə |
1950-ci il | 1 | 2 | 0 | 0 | 1 | 2 |
1951-ci il | 7 | 25 | 3 | 3 | 12 | 1 |