Ferrari-nin təkamülü (1950-2016-cı illər): 18-ci yazı – Ferrari 312/68 F1

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 50 gün qalır – 50 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 18-ci yazımızın qəhrəmanı 312 F1 modelinin 1968-ci ildə modernizə olunmuş versiyasıdır…

1968-ci ildə 312 F1 modeli növbəti modernizəyə uğramışdı – əlbəttə, söhbət aerodinamikadan gedir, çünki keçən ilin İtaliya Qran Prisində yenilənən motor üzərində komanda heç bir dəyişiklik etməmişdi.

Artıq Formula1 maşınlarında antiqanadlar peyda olmuşdu, Ferrari də rəqiblərindən geri qalmamağa çalışırdı. Belçika Qran Prisində Skuderiya arxa antiqanadın yeni versiyasını təqdim etmişdi – hidravlik nasos vasitəsilə sürücü qanadın hücum bucağını dəyişə bilirdi: döngələrdə artırır, düzlüklərdə isə azaldırdı. Digər komandalar da bu versiyanı nüsxələyirlər, amma Fransada məşqlər zamanı Lotus-un sürücüsü Ceki Oliver antiqanad üzündən ciddi qəzaya uğramışdı.

Məlum olmuşdu ki, Oliverin maşını rəqibinə çox yaxınlaşdığı zaman asfaltayatma qüvvəsini itiribmiş. İndi bu hal heç kimi təəccübləndirməz, amma o zaman çempionatın təşkilatçıları hadisədən çox qorxmuşdular və antiqanadlar qadağan olunmuşdu. Amma tezliklə müəyyən məhdudiyyətlərlə onların istifadəsinə icazə verilmişdi.

Yeniliklərə baxmayaraq, Ferrari yenə də rəqibləri ilə mübarizə apara bilmir. Mövsümün ilk yarışında Lotus-un sürücüsü Cim Klark qalib gəlsə də, növbəti yarışda artıq o yox idi – Formula2 yarışında dünyasını dəyişmişdi. Onun komanda yoldaşı Qrəhəm Hill asanlıqla titul qazanmışdı. Brabham-in sürücüləri yenə də güclü idilər, çempionatda isə iki yeni güclü sürücü peyda olmuşdu – Ceki Stüart Matra komandasında vitse-çempion olmuşdu, Bryus MakLaren isə özünün hazırladığı maşınla güclü olduğunu sübut etmişdi.

1968-ci ildə Ferrari-də yeni lider yer alır – Jaki İks. Belçikalı sürücü Fransa Qran Prisində qələbə qazanmış, bir neçə dəfə podiuma yüksəlmişdi. Amma Kanadada məşqlər zamanı drossel qapağı ilişib qaldığı üçün İks trasdan çıxaraq ayaqlarını sındırmışdı. ABŞ Qran Prisini buraxmalı olan sürücü mövsümün sonunda komandanı tərk etmişdi.

FERRARİ 312/68 F1

Ferrari 312/68 F1

1966-cı ildə debüt etmiş Ferrari 312 F1-in modernizəsi davam edir, hər il sadəcə maşının indeksinə modernizə ili əlavə olunurdu, amma əslində 1966-cı il üçün hazırlanmış maşından artıq 3-cü ilində əsər-əlamət qalmamışdı.

1968-ci ilin modeli yeni rama üzərində qurulmuşdu – Skuderiya hələ “yarım-monokok”dan istifadə edirdi: deşikli uzun borular alüminium lövhələrlə qaynaq olunurdu. Amma hər il maşın daha aerodinamik olurdu, bu dəfə də burun hissə daha axımlı alınmışdı, ön antiqanadı xatırladan qanadcıqlar peyda olmuşdular. Motorun gücü isə keçənilki mövsümün son yarışında 410 at qüvvəsinə çatdırılmışdı.

Həmin mövsümün əsas texniki yeniliyi isə arxa antiqanadlar idi. Yeniliklərin və uğurlu təkər seçimi sayəsində komandanın yeni sürücüsü Jaki İks Fransa Qran Prisində qələbə qazanmışdı.

FERRARİ 312/68 F1-İN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari 312/68 F1

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
1968-ci il 9 15 2 1 3 1
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*