Ferrari-nin ilk qələbəsindən 70 il ötür

Bu gün Ferrari maşınının yarışlarda ilk qələbə qazanmasının 70 ili tamam olur. Bu qələbə 1947-ci ilin Roma Qran Prisində əldə edilmişdi, yarışda Franko Kortese adını tarixə yazdırmışdı. Franko ikiyerli Ferrari 125 S ilə starta çıxmışdı, onun qazandığı bu qələbə isə avtoidmanın ən məşhur şirkətinin tarixində vacib hadisə olmuşdu.

Bu qələbənin əsası isə hələ 1945-ci ildə qoyulmuşdu – Entso Ferrari əsas rəqibi Alfo Romeo-dan Coakino Kolombonu əməkdaşlığa dəvət edərək, ona güclü və sürətli maşın hazırlamağı tapşırmışdı. Bu maşının ürəyi isə Cüzeppe Bussonun hazırladığı 12 silindrli motor idi – cəmi 1.5 litr işçi həcmi olan bu mühərrik Entsonun ən sevimlisi idi. Hər bir silindrin həcmi 125 kub santimetr alındığı üçün yeni maşın Ferrari 125 adını aldı.

Yarışlar üçün hazırlanmış üstüaçıq Ferrari 125 S  (S idman versiyasını göstərirdi)1947-ci il mayın 11-də Pyaçentse trasında debüt edir. Faktiki olaraq bu yarışa Ferrari iki maşın gətirmişdi – 125 S və biryerli 125 C.

Komandanın iki sürücüsündən daha təcrübəli və nüfuzlu Cüzeppe Farina özünə C versiyasını seçir. S versiyasının sükanı arxasına isə Franko Kortese keçir. Amma məşqlər zamanı Farina biryerli maşının davranışından narazı qalır və tələb edir ki, 125 S-i ona versinlər. Amma Entso imtina edir və turinli sürücü starta çıxmır.

Həmin debüt yarışı Kortese üçün yarımçıq başa çatır – finişə bir neçə dövrə qalmış yanacaq nasosu sınır. Amma sonralar Entso bu hadisəni “çox ümidverici” adlandırmışdı. Çünki cəmi iki həftədən sonra Roma Qran Prisində elə həmin Kortese nəinki bütün 40 dövrəni qət etmişdi, həm də bunu hamıdan birinci etmişdi.

 

Əlbəttə, bu yarış o zaman elə də məşhur deyildi, starta cəmi 13 maşın çıxmışdı, nüfuzlu sürücülərdən heç kim Romaya gəlməmişdi. Amma bu balaca qələbə Ferrari-nin avtoidmanda böyük yolunun təməlini qoydu. Biz ümid edirik ki, bu yol hələ uzun illər davam edəcək.

F-1.az xatırladır ki, məhz Ferrari 125 modeli Skuderiyanın Formula1 üçün hazırladığı ilk modelin əsası olmuşdu…

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*