Biz artıq xəbər vermişdik ki, Ferrari komandası Mercedes şassilərində çoxdan istifadə olunan, keçən ildən isə Red Bull maşınlarında peyda olan asılqanların reqlamentə uyğunluğu barədə FİA-ya yazılı müraciət göndərmişdi – italyanların fikrincə, bu asılqanlar klirensi stabil saxlamaqla aerodinamikanın effektivliyini artırırlar. Ferrari ümid edirdi ki, bu asılqanlar qeyri-qanuni hesab olunacaq və komandanın çempionatdakı əsas rəqibləri mövsümün əvvəlində konstruksiyanı dəyişməli olacaqlar, amma FİA-nın adı yuxarıda çəkilən komandalara qarşı heç bir iddiası yoxdur.
Fevralın 7-də Formula1 komandalarının texniki rəhbərləri Cenevrədə bir araya gələrək aktual məsələləri, o cümlədən Mercedes və Red Bull-un asılqanlarını da müzakirə ediblər. Bir çox mütəxəssislər razılaşıblar ki, bu yanaşmada reqlamentin “boz sahələrindən” istifadə olunub, amma nəyin icazəli, nəyin qadağan olunması geniş müzakirəyə səsbəb olsa da, Ferrari öz tərəfinə kifayət qədər səs toplaya bilməyib.
Şayiələrə görə, Mercedes və Red Bull mühəndisləri asılqanın hündürlüyünü düz yollarda reqlamentin icazə verdiyi həddə qədər aşağı sala biliblər, bununla da antiqanadların və diffuzorun effektiv işi sayəsində eyni hücum buacğında daha çox asfaltayatma qüvvəsi əldə etmək mümkün olur, amma sürətli döngələrdə bu effektiv işləmir. Bundan başqa, şassinin bərkliyi sükanın dönmə bucağından asılı olur – sükanı nə qədər çox döndərsəniz asılqan bir o qədər yumşaq olur. Sistemin işi barədə məlumat alan FİA qadağan olunmuş heç nə tapa bilməyib.
F-1.az xəbər verir ki, Ferrari-nin və bəzi komandaların nümayəndələri FİA-dan təfərrüatlar və izahat tələb ediblər, amma əldə edə bilməyiblər. İndi Ferrari-nin yalnız bir yolu qalır – Melburn yarışının nəticələrindən şikayət etmək. Yəni rəqiblərini qeyri-qanuni elementlərin istifadəsində ittiham etmək, məsələyə FİA-nın beynəlxalq apellyasiya məhkəməsini cəlb etmək. Yalnız bu halda Mercedes və Red Bull bütün kartlarını açmalı olacaqlar…