Ferrari maşının ciddi yeniliklərini hazırlayır

Ferrari-nin rəhbəri Frederik Vassyör SF-23 maşınının əsaslı təkmilləşdirilməsi planlarından danışıb. Komanda may ayınd abaş tutacaq Mayami Qran Prisinə hazır olacaq yeniliklər üzərində intensiv işləyir.

F-1.az xatırladır ki, mövsümün ilk 3 yarışından sonra Ferrari heç bir podium qazanmadan Mühəndislər Kubokunda 4-cü yerdə qərarlaşıb…

Frederik Vassyör: “Avstraliyada biz irəliyə doğru bir addım atdıq, amma maşının potensialını realizə edə bilmədik. Bu səbəbdən finişdən sonra hamımız qəribə emosiyalar yaşadıq. Melburnda biz maşınla işləmək üçün fərqli yol tutduq – deyəsən, ideyalarımız işə yaradı. Ancaq dediyim kimi, xüsusən də təsnifat mərhələsində bolidin potensialından istifadə etmədik.

Şənbə günü səhvə yol verdik – Şarl Lekler trafik səbəbindən təkərləri qızdıra bilmədi, Karlos Sayns isə ilk döngədə səhv etdi. Bu olmasaydı, biz startda birinci sırada yer alacaqdıq. Bu heç kimin deyil, komandanın günahı idi.

Yarışda maşın daha balanslı idi və trası daha yaxşı saxlayırdı ki, bu da Karlosa Red Bull-a yaxınlaşmağa imkan verirdi. Təəssüf ki, Şarl buna nail ola bilmədi. Düşünürəm ki, biz düzgün yoldayıq, lakin Bakıda komanda Avstraliyada əldə olunan irəliləyişi təsdiqləməlidir.

Biz çoxlu yeni element hazırlayırıq, lakin Bakı üçün yox, çünki yenilənmiş aerodinamik dəst bu səviyyədə asfaltayatma qüvvəsinə uyğun deyil. Bundan əlavə, sprint mərhələsi olan həftəsonunda yeniliklərin qiymətləndirilməsi asan deyil. Ancaq Mayamidə, İmolada yeniliklərimiz olacaq – onlar Monakoda olmayacaqlar, amma Barselonada yenidən olacaqlar. Hər yarış üçün yeni elementlər gətirəcəyik.

Biz yeniliklər hazırlayırıq, lakin komandanın növbəti Qran Priyə gətirəcəyi maşını B versiyası adlandırmaq olmaz, çünki indikidən güclü xarici fərqləri olmayacaq. Biz hazırkı maşını yeniləməyə davam edəcəyik və onu ciddi şəkildə təkmilləşdirməyə çalışacağıq.

Büdcə və aerodinamik boruda iş məhdudiyyətləri ilə mövsüm ərzində yeni bir layihəyə təmiz vərəqdən başlamaq… Mümkün deyil demək istəmirəm, amma çox çətindir. Ümid edirəm ki, biz inkişaf üçün düzgün istiqamət seçmişik və maşını əhəmiyyətli dərəcədə təkmilləşdirə biləcəyik. Nə qədər ki, asfaltayatma gücünü, balansı artırmaq, daha yaxşı sabitliyə nail olmaq mümkündür, o zaman hazırkı layihəni inkişaf etdirməyin mənası var.

Mövsüm başlamazdan əvvəl biz modernizə proqramı hazırlamışdıq, indi onu maşının problemlərinə və trasda baş verənlərə uyğun olaraq dəyişdik. Biz çox tez hərəkətə keçdik və artıq Melburna yeni elementlər gətirdik, lakin ilk üç yarışdan sonra modernləşdirmə planını kökündən dəyişə bilmərik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*