F-1.az xatırladır ki, hər şey mövsümöncəsi testlərin son günü başlamışdı – Barselonada testlər başa çatandan bir saat sonra federasiya Ferrari komandası ilə gizli saziş bağladığını və komandanın keçənilki güc qurğusunun reqlamentə uyğunluğunun araşdırmasının başa çatdığını, təfərrüatların isə məxfi saxlanıldığını bəyan etmişdi. Bundan sonra çempionatın yeddi iştirakçısı (Ferrari və onun müştəriləri istisna olmaqla) vahid cəbhədə birləşərək federasiyadan araşdırmanın nəticələri barədə izahat tələb etmişdi. Yalnız bundan sonra FİA araşdırmanın nəticələrini gizli saxlamaq hüququna malik olduğunu komandalara xatırlatmışdı. Komandalar isə FİA və Formula1 rəhbərliyinə yeni məktub göndərərək 30 suala martın 10-dək cavab vermələrini tələb etmişdilər.
Todtun cavabından məlum olub ki, FİA-nın texniki əməkdaşları güc qurğusunun mövsümün istənilən anında qaydalara uyğun gəldiyinə əmin olmayıblar, lakin iddia edilən pozuntuların mürəkkəbliyi və qeyri-stabilliyi onları sübut etməyə imkan verməyib.
“Üç variant mövcud idi: işi bağlamaq, işə beynəlxalq məhkəmədə baxmaq və ya barışıq sazişi imzalamaq. FİA-nın qaydalarına uyğun olaraq, bu vəziyyətdə qərar vermək hüququ prezidentdə qalır.
FİA-nın bir sıra əsas işçiləri və Formula1-in icraçı direktoru Çeyz Keri ilə məsələnin necə həll olunacağına dair məsləhətləşmələr apardım. FİA-nın texniki, hüquqi və maliyyə xidmətlərindən tövsiyələr aldım və federasiya xaricindəki təcrübəli vəkillə məsləhətləşdim”, – deyə Todt cavabında yazıb.
Bundan əlavə, Jan Todt Ferrari-nin icazəsi olmadan razılaşmanın təfərrüatlarını açıqlaya bilmədiyini söyləyib.
Çeyz Keri isə cavabında nə araşdırmada, nə də qərarın qəbul olunmasında istirak etdiyini, amma FİA-nın qərarını dəstəklədiyini bildirib.
FİA və komandalar arasında bu vəziyyətin müzakirəsi davam edir.