Ferrari komandasının mətbuat xidməti Felipe Massanın Mayamidə keçirdiyi müayinənin nəticəlri barədə mətbuat relizi yayıb. Bazar günü braziliyalı sürücü Cekson hospitalında intensiv nevrologiya mərkəzinə başçılıq edən professor Stiven Olvinin sərəncamına gəlib və hərtərəfli müayinədən keçib. Müayinə müsbət cavab verib: amerikalı mütəxəssis hesab edir ki, hər şey qaydasındadır, Felipenin idmana qayıtmasına heç nə mane ola bilməz.
Amma indi Felipeni kəllə sümüyündə plastiki cərrahiyyə əməliyyatı gözləyir: cərrahlar dəmir yayın dəydiyi yerdə yaranmış zədəni aradan qaldırmalıdırlar. Əməliyyat yaxın günlərdə baş tutmalıdır, qısa bərpa dövründən sonra isə Massa fiziki formasını yaxşılaşdırmaq üçün məşqlərə başlayacaq…
Sürücü komandanın rəsmi saytına bildirib: “Mən müayinənin nəticələrindən razı qaldım. Kiçik cərrahi əməliyyatdan sonra mən idman zalına qayıdacam, fiziki formamı bərpıa etməliyəm, həm də kart arxasında testlər keçirməliyəm.
Formula1 maşınının sükanı arxasına qayıtmağa gəlincə, mən təklif edirəm ki, tələsməyək və hər şeyi tədricən edək: hələlik mən bütün diqqətimi fiiziki hərəkətlərə yönəldəcəm, bu isə irəliyə böyük addımdır.”
Relizin sonunda komanda məlumat verib: “Əlbəttə, Maranelloda müayinənin nəticələrini böyük sevinclə qarşılayıblar və komanda 100% əmin ola bilər ki, Felipe gələn il dünya çempionatının startına çıxa biləcək.”
Deməli, Massa mövsümün sonuna qədər yarışlarda iştirak etməyəcək. Yaxın günlərdə Ferrari mövsümün son yarışlarında Kimi Rəykkönenə yoldaşlıq edəcək sürücünün adını müəyyən etməlidir, çünki Luka Badoyer Valensiya və Spada çox pis çıxış edib.
Son günlər Skuderiyanın Cankarlo Fizikellanın xeyrinə seçim etməsi barədə şayiələr gəzir, amma bu gün qəzetlərdə məqalələr çap olunub ki, Ferrari Robert Kubitsanın da namizədliyini ciddi nəzərdən keçirir…