F-1.az xəbər verir ki, mövsümə böyük ümidlərlə başlayan, lakin istədiyi nəticələri əldə edə bilməyən Ferrari-də keçən həftə bir sıra yığıncaqlar keçirilib. Ferrari-nin rəhbəri Sercio Markionne Mauritsio Arrivabene ilə dəyişikliklərin edilib-edilməməsi mövzusunda müzakirələr aparıb. Markionne bir başa mühəndislərlə də danışıb və maşının potensialı barədə öyrənib.
Deyilənlərə görə, müzakirələrdə Ross Braun barədə də danışılıb. Komanda onun ən pis halda məsləhətçi kimi qayıtmasını istəyir. Onun hər gün olmasa da, müəyyən vaxtlarda işləməsinin komanda üçün yararlı olacağı düşünülür.
Lakin 2013-cü ildə Mercedes AMG-dən ayrıldıqdan sonra Formula1-dən təmiz gedən Braunun ilk görüş təklifini rədd etdiyi bildirilir. Lakin komanda onun texniki məsələlərdə məsləhətçi olmasını istəyir. Əgər o, bunu qəbul edərsə, Ceyms Əllisonun hansı vəzifəni tutacağı çox maraqlıdır.
Ross Braun Ferrari-nin 2000-ci ildən etibarən 5 il ardıcıl qazandığı böyük uğurlarında əvəzsiz rola sahib şəxslərdən biri olub. 2009-cu ildə özünün Brawn GP komandası ilə çempionluq əldə etdikdən sonra komandasını Mercedes şirkətinə satıb və komandanın son illərdəki uğurunun təməlini qoyub. Lakin 2013-cü ildə idmandan ayrıldıqdan sonra geri qayıtmaq mövzusunda heç də istəkli olmayıb.
Ross Braun: “Sonuncu iş yerimdə (Mercedes-də) həftənin 7 günü, günün 24 saatı işləyirdim. Lakin daha bunu etmək istədiyimə əmin deyiləm. Heç vaxt “heç vaxt” demək olmaz, amma hazırkı vəziyyətdən razıyam. Həm də, mənə hələ o qədər də cəlbedici təklif gəlməyib”.