Azərbaycan Qran Prisinin təşkilatçısı olan Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti mətbuatda Formula1-in təbliği üçün müxtəlif tədbirlər təşkil edir. Bu tədbirlər çərçivəsində BŞH nəzdində Mətbuat Klubunun yaradılmasını xüsusi qeyd etmək lazımdır. Ölkə mətbuatında avtoidman hadisələrini işıqlandıran jurnalistlərin toplaşdığı bu klubun üzvləri tez-tez bir araya gələrək müxtəlif mövzuları müzakirə edirlər. Dünən baş tutan sonuncu maraqlı görüş isə “Ferrari 312 B – İnqilab buradan başlayır” filminin nümayişi ilə başa çatıb. Bu yazıda film barədə təəssüratlarımı sizinlə bölüşmək istədim…
Film iki hissəyə bölünüb: əfsanəvi maşının sıfırdan yaradılması və 1970-ci il çempionatında iştirakı ilə yanaşı 2015-ci ildə bir neçə təəssübkeşin 45 yaşlı maşını sıfırdan təmir edərək, ikinci həyat verməsi. Bu hissələr filmdə paralel cərəyan edir.
Sizcə, hansı daha asan və ya çətindir: maşına ilk dəfə həyat vermək, ya onu yenidən həyata qaytarmaq?
1989-cu ilin son yarışında Minardi komandası ilə F1-də debüt etmiş, 1990-cı ildə komandanın əsas sürücüsünə çevrilmiş Paolo Barilla iştirak etdiyi 15 yarışın cəmi dördündə finiş görmüşdü və ən yaxşı nəticəsi 11-ci yer olmuşdu. Karyerasını başa vuran Barilla öz biznesini qurmuş və hazırda İtaliyanın tanınmış iş adamıdır. Paolo 2014-cü ildə internetdə köhnə Ferrari maşınının satılması barədə elan görür və 1970-ci il il üçün Skuderiyanın hazırladığı 312 B şassisini ucuz qiymətə əldə edir. Amma maşın tam dağılmış vəziyyətdə olur. Ona görə də Paolo maşının restavrasiyası üçün ciddi məbləğindən keçməyi qərara alır və bu işə həmin maşının əfsanəvi konstruktoru Mauro Forqyerini cəlb edir.
Mauro və komandası köhnə maşını 2016-cı ilin Monako Qran Prisi zamanı baş tutacaq tarixi maşınların yarışına hazırlamalı olurlar. Monaco Grand Prix Historique yarışında 1965-1972-ci illər ərzində F1-də çıxış etmiş maşınlar əsas F1 yarışından əvvəl tribunalara toplaşmış azarkeşləri keçmiş dövrlərə qaytarırlar. Mauronun komandası işə köhnə V12 motorunun bərpasından başlayır – bu motor F1-də inqilab idi. Motorun bərpası uzun müddət vaxt apardığı üçün paralel olaraq şassini də pasdan təmizləyirlər, əzilmiş yerləri yenidən düzəldirlər, boyayırlar və sonda qarajdan tam yenilənmiş Ferrari 312 B işığa çıxır.
Saatyarım ərzində filmi izləyənlər uzaq 1970-ci ilə səyahət edirlər. Mövsümə zəif start verən qırmızılar mövsümün sonunda titula əsas namizədlərdən biri olurlar. Mövsümün lideri Yoxan Rindtin faciəvi ölümündən sonra Ferrari-nin sürücüsü Jaki İks titula əsas namizəd kimi yerdə qalan 3 yarışda qələbə qazanmalı idi, amma…
Film zamanı o dövrün ulduzları – Ceki Stüart və Jaki İks, Ferrari-nin sonrakı sürücüləri – Niki Lauda və Gerhard Berger, 1996-cı ilin dünya çempionu Deymon Hill, Ferrari-nin keçmiş mühəndis və mexanikləri, eləcə də, o dövrün məşhur britaniyalı və italiyalı jurnalistləri hadisələri şərh edirlər, həm keçən əsrdə baş verən hadisələri dəyərləndirirlər, həm də Formula1-də mühəndisin, mexanikin vəzifələrini aydınlaşdırırlar.
Filmdə sürət məbədi sayılan Montsada Skuderiyanın debütantı Kley Reqatsoninin qələbəsinə də xüsusi yer ayrılıb – köhnə kadrlardan sonra isə Forqyerinin komandasının bərpa etdiyi köhnə-yeni bolid bugünkü Montsada dövrələr vurur. Əlbəttə, Monakoda baş tutan yarışın nəticəsi barədə danışmayacam, bunu siz özünüz filmi izlədikdə biləcəksiniz. Amma vaxtılə F1-də 5 poul və 4 qələbə qazanmış bir maşının maraqlı tarixini izləmək çox xoş oldu.
F-1.az saytı olaraq, ilin əvvəlində Ferrari-nin 70 illik yubileyi şərəfinə Skuderiyanın F1-də hazırladığı 67 maşın barədə silsilə yazı hazırlamışdım. Bu silsilədə Ferrari 312 B də xüsusi yer tutur – filmə baxmazdan əvvəl bu yazını oxusanız, film sizə daha doğma gələcək.
P.S. Film Park Bulvar alış-veriş mərkəzində yerləşən Park Cinema kinozalında nümayiş olunmuşdu, buna görə onlara təşəkkür edirəm, amma filmin növbəti yayımı barədə əlavə məlumat ala bilmədim…