Bir neçə gündən sonra, aprelin 12-də Flavio Briatorenin altmış yaşı tamam olacaq. Benetton və Renault komandalarının keçmiş başçısı keçən il Nelsinyo Pikenin 2008-ci ildə Sinqapurdakı qəzasının araşdırılmasından sonra Formula1-i tərk edib.
Keçən il FİA-nın Ümumdünya Şurası italiyalı mütəxəssisin idmandan ömürlük uzaqlaşdırılması barədə qərar qəbul etmişdi, amma sonra Flavio Paris Məhkəməsində bu qərarın ləğv olunmasına nail olmuşdu, indi isə federasiya yeni prosesə hazırlaşır. Nəticənin necə olması hələ məlum deyil, amma çox güman ki, Briatore nə vaxtsa çempionata qayıdacaq, düzdür, bu dəfə komanda başçısı kimi yox.
Sky İtalia kanalına müsahibəsində Briatore bildirib ki, “məni cani kimi qovmuşdular və mən heç vaxt Formula1-ə menecer kimi qayıtmaycam, amma 2012-ci ildən sonra siz məni yeni vəzifədə Formula1-də görəcəksiniz…”
Bəs bu nə vəzifəsi olacaq? Şayiələr gəzir ki, Berni Ekklstoun onu öz varisi kimi görür, axı Briatore Formula1-in kommersiya məsələləri ilə yaxşı tanışdır, məlum hadisələrə kimi keçən il Flavio FOTA-nın kommersiya şöbəsinə başçılıq edirdi, 2012-ci ildə isə Sinqapur qəzası yaddan çıxacaq…