Keçənilki Sinqapur Qran Prisinin qalibi Fernando Alonso şahid qismində FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının növbədənkənar iclasına çağrılıb, iclas sabah Parisdə baş tutacaq. Gazzetta dello Sport qəzetinin məlumatına görə, Flavio Briatore də iclasa çağrılıb, hərçənd, Pət Simonds orda olmayacaq. Deyilənlərə görə, Renault-nun keçmiş baş mühəndisi İspaniyada dincəlir…
Amma formal olaraq, Briatore də iclasa gəlməyə bilər, çünki o artıq komandada çalışmır. Onun iclasa gəlməsi sabah bəlli olacaq, amma qəzet hesab edir ki, Ümumdünya Şurası ona Formula1-in paddokuna gəlməyi belə qadağa edə bilər, bu isə Flavionun həyatını çətinləşdirəcək, çünki, birincisi, o GP2 seriyasının həmsahiblərindən biridir, ikincisi, o əvvəlki kimi sürücülərin menecmenti ilə aktiv məşğul olur.
İstisna deyil ki, sabah federasiya belə bir qərar qəbul edə bilər ki, bundan sonra komanda başçıları sürücülərin menecerləri ola bilməsinlər. Xatırladaq ki, Briatorenin Mark Uebber və Heykki Kovalaynenlə müqavilələri var. Alonso isə FİA-nın superlisenziyasının sahibi kimi iclasa gəlməyə və sualları cavablandırmağa məcburdur…