F3: Bortoleto son test gününün protokollarına başçılıq edib

Qabriel Bortoleto Bəhreyndə Formula3-ün mövsümöncəsi testlərinin son gününü protokolların ilk sətrində başa vurub.

F-1.az xəbər verir ki, əvvəlki iki gündən fərqli olaraq, cümə axşamı sürücülərin ixtiyarında trasda işləmək üçün cəmi bir dördsaatlıq sessiya olub.

Ona görə də komandalar dərhal trasda aktiv işləməyə başlayıb – sürücülər qısa dövrələr seriyasında sürətli dövrələr vurmağa çalışıblar. Əvvəlcə ən yaxşı nəticəni Rafael Villaqomes (1:48.250) göstərib, daha sonra Qrequar Sosi (1:47.610) onu üstələyib. Yekunda Bortoleto protokolların zirvəsinə yükəslib (1:47.417) və sessiyanın sonuna kimi heç kim bu nəticəni yaxşılaşdıra bilməyib, baxmayaraq ki, Qabriele Mini Trident sürücüsünə yaxın (+ 0.035) nəticə ilə ikinci olub.

Sürətli dövrələr seriyasından sonra sürücülər diqqətlərini uzun məsafədə işləməyə, yarışın simulyasiyasına yönəldiblər. Testlərin bitməsinə 5 dəqiqə qalmış Sofiya Flörşün dayanması səbəbindən trasda qırmızı bayraqlar dalğalanıb. Marşallar alman pilotesanın maşınını sürətlə təxliyə ediblər, lakin sona cəmi iki dəqiqə qaldığından heç kim trasa qayıtmayıb.

Dörd saat ərzində ən uzun məsafəni Kayo Kollet qət edib – braziliyalı sürücü 61 dövrə vurub.

Bununla da Formula3-ün mövsümöncəsi testləri başa çatıb. Növbəti dəfə sürücülər martın 3-5-də Bəhreyndə keçiriləcək mövsümün birinci mərhələsində trasa çıxacaqlar.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*