Formula1-ə sürət lazımdır yoxsa baxımlılıq?

Mövsümün ilk yarışından əvvəl əsas diqqət yeni sıralanma turu formatına, yarış zamanı isə Alonsonun qəzasına yönəldiyi üçün bizi əsas mövzudan bir qədər kənara uzaqlaşdırdı.

Pilotlar və komanda rəhbərlərinin bir qismi yerə yatma qüvvəsinin artmasını istəmirlər və bunu ötmələrin sayının azalmasına şərait yaradacağı ilə əsaslandırırlar. Doğrudur, arxadan yaxınlaşan bolid üçün xaotik hava torbasına düşmək ötmə imkanını kəskin azaldacaq və bu faktor özünü daha çox döngələrdə göstərəcək.

Bu halda bolidləri daha da sürətli etməyə ehtiyac varmı? Düşünürəm ki, ehtiyac var.

Biz, yarış tempini nəzərə almadan, sərbəst yuruşlərin və sıralanma turunun nəticələrinə aldanırıq.

Müqayisə üçün bildirim ki, 2005-ci ilin yarış tempi 2016-cı ilin tempindən çox fərqlənir. Gəlin, müqayisə edək…

Yarış tempi:

1-ci dövrə

Alonso    – 1.36,403

Rosberq –  1.39,458

5-ci dövrə

Alonso      1.33,218

Rosberq –   1.37,663

10-cu dövrə

Alonso      1.33,402

Rosberq –  1.38,297

Gördüyünüz kimi hər dövrədə ortalama fərq 4,5 saniyəyə bərabərdir.

2005-ci ildə Alonso yarışı 1 saat 29 dəqiqə 18,531 saniyə vaxtı ilə bitirmişdi. Bu il Rosberq qələbəyə 1 saat 33 dəqiqə 34,696 saniyə vaxt sərf etmişdi.

Rosberq, Alonsonun 2005-ci il nəticəsindən 4 dəqiqə 16 saniyə gec finiş xəttini keçdi.

Alonso, Rosberqi 3 dövrə arxada qoymuş kimi təsəvvür edin. Bu azmış kimi, yarış ərzində ən sürətli dövrələr arasındada fərq çox böyükdür, belə ki, 2005-ci ildə yarışda ən sürətli dövrəni Pedro de la Rosa göstərmişdi. Onun vaxtı 1.31,447 idi. Bu il yarışda ən sürətli dövrə Niko Rosberqin hesabına yazıldı. O, 1.34,482 vaxtını göstərərək Pedro de la Rosanın 2005-ci il vaxtından 3 saniyə zəif nəticə göstərdi.

Burada qeyd etməliyəm ki, Alonso starta 20 dövrəlik yanacaqla, Rosberq isə 60 dövrəlik yanacaqla çıxmışdı.

Üstə gəl, 2005-ci ildə bolidin çəkisi 600 kq, 2016-cı ildə isə 700 kq idi.

Bəli, bolidlər ağırlaşıblar, aerodinamik göstəricilərdə hiss olunan dəyişikliklər var, təkərlərin də göstəriciləri çox dəyişib, boliddə yanacaq daha çoxdur və başqa faktorları nəzərə almalıyıq. Amma bu o demək deyil ki, Formula1-ə sürət artımı lazım deyil.

Dünya çempionu Fernando Alonsonun komandası ilə radio danışığındada – “Bu GP2 mühərriyidir” – cümləsi yaddaşımızdan silinməyəcək.

Bu il çempionata maraq qatan təkər seçimi növbəti ildə işləməyəcək. Sonunda komandaların strateqləri bütün yarışlar üçün optimal təkər dəstlərinin seçimlərini edəcəklər. 2017-ci ildə təkər eyforiyasına son qoyulacaq kimi görünür.

Formula1, qaydalarda sonsuz dəyişikliklər etməklə, yarışlara maraq qatmağa çalışır, ancaq bitməyən qaydalar, olar və olmazlar yarışları sıxıcı və başa düşülməyən edir.

F-1.az xatırladır ki, 2017-ci ildə yeni qaydalar tətbiq olunacaq və bu qaydalar aprel ayının sonuna qədər qəbul olunacaq. Formula1 sürət artımına çalışır, bizə isə həm sürət, həm də baxımlılıq lazımdır. Hər ikisini bizə kim verəcək?

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*