F-1.az bildirir ki, gələn ilin təqviminin cümə günü açıqlanması gözlənilirdi, lakin Ümumdünya Şurasının iclasından dərhal sonra FİA-nın mətbuat xidməti Formula1 rəhbərliyinə əvvəlcədən məlumat verməyərək təqvimi açıqlayıb. ABŞ, Meksika və Braziliyadakı yarışların keçirilməsi üçün komandaların razılığı tələb olunur. Onlar onsuz da razılıq verəcəkdilər, lakin heç bir məsləhətləşmə aparılmadığı üçün açıqlama qəzəb yaradıb.
Bu, F1 rəhbərliyinin də planlarını pozub. Liberty Media Monako ilə müqavilənin uzadılmasını və Las Veqasın təqvimdə yer almasını ayrıca elan etməyi planlaşdırsa da, federaasiyanın bu hərəkəti onları da tələsməyə məcbur edib və qısa relizlərlə kifayətlənməli olublar.
Onsuz da Montsada baş tutan son yarışın Təhlükəsizlik Maşını arxasında tamamlanmasından sonra federasiya və Muhammed ben Sulayemin ünvanına çoxsaylı tənqidlər gəlmişdi. FİA rəhbərliyi hər nə qədər komandalarla münasibətlərini yaxşı saxlamağa çalışsa da, atılan son addım yaranmış atmosferi daha da qızışdırıb.