Skyactiv-X sistemi yeni HCCİ (Homogeneous Charge Compression İgnition, yəni “homogen qarışığın sıxılma nəticəsində alışması”) texnologiyasından qaynaqlanır. HCCİ texnologiyası bütün dünya motorçuları üçün “cavanlıq iksiri”, “dirilik suyu”dur, çünki bu texnologiyanın tətbiqi daxiliyanma mühərriyinin (DYM) faydalı iş əmsalını (FİƏ) ən azı 20-30% artıra bilər! Nəzəri cəhətdən sistemin necə işləməsi çoxdan məlumdur, amma sistemi motorun resursunu və etibarlılığını azaltmadan praktiki olaraq tətbiq etməyi hələ heç kim bacarmayıb.
HCCİ texnologiyasının mahiyyəti çox sadədir – adi benzin motorudur, amma “dizel tsikli” ilə çalışır, yəni alışma şamından istifadə olunmur. Dizel motorunda olduğu kimi, yanacaq qarışığı qığılcımdan deyil, sıxılma nəticəsində alışır. Lakin aydın məsələdir ki, adi dizel mühərriyinə benzin tökməklə iş yekunlaşmır (yeri gəlmişkən, mühərrik bu halda çalışacaq, amma resursu dəfələrlə azalacaq) – bu dəfə alışma prinsipi fərqli olur.
Dizel mühərriyində silindrdəki porşen havanı sıxır, yanacaq isə forsunka vasitəsilə yalnız son anda püskürülür və yüksək temperatur sayəsində alışma məhz forsunka olan yerdə başlayır, sonra bütün silindrə yayılır. HCCİ mühərriyində forsunka yoxdur, silindrə isə artıq hazır yanacaq-hava qarışığı püskürülür.
Bunun sayəsində alışma bir yerdə deyil, eyni anda bir neçə yerdə baş verir, ona görə də yanacaq daha effektiv yanır. Yəni eyni şəraitdə mühərriyin gücü artır, sərfiyyatı azalır və ətraf mühitə zərərli maddələrin atılması zəifləyir. Tələbatdan asılı olaraq, iki yol seçmək olar: ya eyni yanacaq miqdarında gücü artırmaq, ya da eyni güc müqabilində yanacaq sərfiyyatını azaltmaq.
Aydın məsələdir ki, HCCİ texnologiyasının tətbiqi uğrunda dünyanın bütün avtoistehsalçıları çalışırlar, elə Formula1 mühəndisləri də son bir neçə ildə bu sahədə böyük uğur qazanıblar. Bir neçə il əvvəl paddokda şayiələr gəzirdi ki, artıq iki komanda öz motorlarında HCCİ prinsiplərini reallaşdırıb, amma sonra bu şayiələr təsdiq olunmadı. Bu gün F1-də yanacaq qarışığının digər effektiv texnologiyası TJİ tətbiq olunur.
TJİ (Turbulent Jet İgnition – turbulentli reaktiv alışma) texnologiyasının iş prinsipi barədə biz bir neçə dəfə danışmışıq. Texnologiyanın qısa mahiyyəti ondan ibarətdir ki, yanacaq qarışığının 97%-i adi benzin mühərriyində olduğu kimi silindrə püskürülür, 3%-i isə əvvəlcə balaca forkameraya düşür və burada şam vasitəsilə alışır. Bundan sonra alov dilləri silindrə keçərək oradakı qarışığı da alışdırır, bu zaman yanma adi mühərriklə müqayisədə effektiv olsa da, HCCİ-dan geri qalır.
F-1.az xatırladır ki, hazırda dəqiq məlumdur ki, TJİ texnologiyasından Mercedes və Ferrari (Mercedes turbo eranın əvvəlindən, Ferrari isə 2015-ci ildən) komandaları yararlanırlar. Digər iki motor istehsalçısı barədə məlumat dəqiq deyil, amma deyilənlərə görə, Renault keçən ilin yayından, Honda isə bu ildən eyni texnologiyanı tətbiq ediblər. Amma bəzi ekspertlər güman edirlər ki, hər iki güc qurğusunun zəif olmasının əsas səbəbi elə bu texnologiyanın tətbiq olunmamasıdır.
İstənilən halda, HCCİ texnologiyasının tətbiqi Formula1 komandaları üçün əsl inqilab olardı – hətta DYM-in effektivliyi 20% deyil, cəmi 10% artsa belə, bu fərq həlledici əhəmiyyət kəsb edəcək. Ona görə də Formula1-in motor mühəndisləri Mazda-nın nailiyyətlərini diqqətlə izləyirlər. Deyilənlərə görə, Mazda-nın uğurları Mercedes brendinin sahibi Daimler konsernini yaman maraqlandırır…