F-1.az xəbər verir ki, yekunda hər bir komandanın heyətində 3 sürücü çempionatda iştirak etmək hüququ əldə etmişdi.
Çempionatın təqvimində 7 mərhələ yer alıb – hər bir mərhələ isə 3 yarışdan ibarətdir. İlk yarış üçün sıralanma turu keçirilir. İkinci yarışda bu sıralanma turunun ilk səkkiz sürücüsü reversiv start alır. Üçüncü yarış üçün də ayrılıqda daha bir sıralanma turu keçirilir.
Beləliklə, çempionatın ilk mərhələsi Şpilberqdə əfsanəvi Red Bull Rinq avtodromunda baş tutub.
Birinci yarışda qələbəyə pouldan start alan Marta Qarsiya sevinib – Prema komandasının ispaniyalı sürücüsü rəqiblərinə heç bir şans verməyib və finişdə komanda yoldaşı Byanka Bustamanteni 8 saniyədən çox qabaqlayıb. İlk üçlüyü isə Rodin Carlin komandasından Cessika Edqar tamamlayıb.
İkinci yarışda da qələbəyə poulun sahibi sevinib – bu dəfə Niderlandın istehsal etdiyi Kroon Oil yağlarının dəstəklədiyi MP MotorSport komandasının sürücüsü Amna əl Qubaisi finişdə ART GP komandasından Lena Bühleri 1.5 saniyə qabaqlayıb. Campos komandasının fransalı sürücüsü Lola Lovinfoss podiumu tamamlayıb.
Üçüncü yarışda yenə də poulun sahibi sevinən tərəf olub və yenə də Prema-dan Marta Qarsiya fərqlənib. Amma bu dəfə ispaniyalı sürücü qələbəni finişə qədər davam edən mübarizədə qazanıb. MP MotorSport-un sürücüləri – əl Qubasi bacılarını Martanı çox sıx təqib ediblər. Finişdə Marta Həmdəni cəmi 0.346 saniyə, Amnanı isə 1.155 saniyə qabaqlayıb.
Beləliklə, 3 yarışdan ibarət ilk mərhələdən sonra Marta Qarsia çempionata başçılıq edir. Onu MP MotorSport komandasının sürücüləri əl Qubaisi bacıları təqib edirlər: Amnanın 36, Həmdənin isə 26 xalı var.
Çempionatda növbəti mərhələ qarşıdakı həftəsonu Valensiyada baş tutacaq.