F-1.az xatırladır ki, Sauber komandası bu il hər 3 sıralanma turunda da son sessiyaya qala bilməyib. İki dəfə Eriksson öndə olduğu halda, bir dəfə Lekler rəqibini qabaqlayıb.
İsveçli sürücü Bəhreyndə düzgün strategiya seçərək 9-cu olub. Debütant Leklerin isə ən yaxşı nəticəsi Bəhreyndəki 12-cilik olub.
Frederik Vassyör: “Bəhreyndə xal ala bildik. Bunu sadəcə strategiya hesabına yox, bolidin gücü hesabına etdik. Sürətli olanda strategiya tapmaq asan olur. Əgər tempiniz yoxdursa, heç bir strategiya işləməz.
Markusla davam edəndə hamı bizi tənqid etmişdi, ancaq o çox inkişaf etdi. Qış ərzində məşq etdi, işlədi və arıqladı. Bu, onun performansına müsbət təsir etdi. Keçən il zəif olduğu nöqtələrdə özünü təkmilləşdirdi. Tempi güclüdür. Bu hal həm mənim üçün, həm də komanda üçün vacibdir. Əvvəllər bu komandada olmamışam və nələrin dəyişdiyini bilmirəm. İndi daha əmin addımlar atır. Özünü yaxşı hiss edir. Məncə, Leklerin komandaya qoşulması ona motivasiya verdi. Xal aldı və daha artığını istəyir. Markus və komanda üçün əla nəticə idi. O yetişkən sürücüdür. Təcrübəsi komandaya fayda gətirir. Şarla kömək edir və inkişafına nəzarət edir. Şarl da güclü sürücüdür. Bütün qış onunla görüşdük. Formula1 əvvəl yarışdığı Formula2-dən fərqlidir. Burada yarışmaq daha çətindir. Yanacağa qənaət etməyi öyrənməlidir. İlk yarışlar çox çətin idi. Çox şey öyrənməlidir və bunun üçün vaxt lazımdır. Ona vaxt vermək lazımdır, çünki böyük potensialı var”.