F-1.az xatırladır ki, yarışın sonlarına yaxın qırmızı bayraqdan sonra verilən restart zamanı Sayns həmyerlisi ilə təmas yaşamış, nəticədə Alonso yerində fırlanaraq xeyli yer itirmişdi.
Frederik Vassyör: “Karlos qırmızı bayraqdan az əvvəl – pis pit-stopdan sonra çox yaxşı çıxış etdi və yekunda belə bir cərimə almaq çox qəddarlıqdır. Təbii ki, belə vəziyyətdə müəyyən hisslər keçirirsən, podiuma çox yaxın olursan, amma cəriməyə görə qan-tərlə yüksəldiyin dördüncülükdən də olursan.
İndi düşünürəm ki, cəriməni ağır olub-olmamasından asılı olmayaraq, onu saatlarla müzakirə etmək olar. Sözsüz ki, mövqedən, komandadan və s. asılı olaraq təhlillər fərqli olacaq. Hesab edirəm ki, bu ədalətsizlikdir, çünki stüardlar heç olmasa Saynsı dinləyib məlumatları təhlil edə bilərdilər. Bu, incidir. Keçən həftə Alonsonun cəriməsi ilə bağlı qərar 10 dəqiqə ərzində iki dəfə dəyişdirildi və bu gün də eyni şeyi edə bilərdilər. Heç olmasa bu vəziyyəti müzakirə edə bilərdik”.