F-1.az xəbər verir ki, Vassyör Barselona testlərində qayğılı görünürdü və jurnalistlərə yaxın durmurdu. Amma bu gün o, jurnalistlərə müsahibə verib və testlər barədə fikirlərini bildirib.
Qeyd edək ki, testlərin ilk iki günündə Renault cəmi 79 dövrə ata bildi, amma RS16 testlərin son iki günündə özünü yaxşı tərəfdən göstərdi.
Frederik Vassyör: “Hamı qış testlərində oyun oynayır. Kimin nə qədər yanacaq yükü və ya hansı sazlamalar ilə çıxış etdiyini heç kəs bilmir. Ona görə də heç bir komandanın harada olduğu bilinmir, amma biz harada olduğumuzu bilirik.
Hər şey bitəndə harada olduğunuz barədə az da olsa, fikriniz olur. Ondan başqa biz uzunmüddətli hədəfləri olan komandayıq, ona görə də əsas hədəfimiz etibarlılıqdır.
Hazırda bizim problemlərimiz çoxdur. Ona görə də sıralanma turlarında neçənci yeri tutacağımız barədə düşünmürəm.
Dekabr ayında Lotus komandasını alanda biz bilirdik ki, qarşıda çətin yol var. Biz düşünürdük ki, 2016-cı il bolidini Barselona testlərinə çatdıra bilməyəcəyik, amma biz testlərdə iştirak edə bildik və yavaş-yavaş inkişaf edəcəyik.
Hazırda mövsümə neçənci yerdən başlamağımız önəmli deyil. Çünki bizim önümüzdə uzun yol var. Ona görə də bizim üçün mövsümü neçənci yerdə bitirəcəyimiz daha önəmlidir”.