F-1.az xatırladır ki, Sayns 2015-ci ildən Toro Rosso-da yarışır. İspaniyalı sürücü sıralanma turunda Ferstappen ilə yaxşı mübarizə aparırdı və yeni komanda yoldaşı Kvyatla da mübarizədə üstünlük qurub.
Sayns göstərdiyi bu performansına görə Ferrari-nin diqqət mərkəzinə düşsə də, Tost düşünür ki, Sayns komandada qalacaq: “Həmişə üçillik proqram üzərində işləyirik. Karlosun komandada qalmasını istəyirəm və burada problem görmürəm, amma son qərarı Red Bull verəcək. Onlar gələn il Rikkardo və Ferstappen cütü ilə yarışacaqlar. Buna görə də komandanın heyəti doludur. Ümid edirəm ki, Karlos gələn il Toro Rosso-da qalar. İşin gedişatı da bunu göstərir. Bu yaxınlarda açıqlama gəlməlidir.
Ümid edirik ki, gələn il bolidimiz rəqabətədavamlı olar. Yəni, Karlos istedadını nümayiş etdirmək üçün yaxşı fürsətə sahib olacaq. Başqa komandalardan əskik cəhətimiz yoxdur”.
Qeyd edək ki, Saynsın gələcəyinə Red Bull komandası qərar verəcək. İspaniyalı sürücünün göstərdiyi performansa baxsaq görərik ki, Red Bull-un onunla yolları ayırması inandırıcı görünmür.
Tost mövsümün ortasında komandaya qayıdan Kvyatın 2017-ci ildə komandada qalacağını bildirib: “Toro Rosso-nun 2017-ci il heyəti 100 faiz bəlli deyil. Ümid edirəm ki, Karlos bizimlə qalacaq. Mən Daniilin də komandada qalmasını istəyirəm. O yaxşı sürücüdür”.
Qeyd edək ki, Kvyatın yerinə Qaslinin adı çəkilir. Tost Qasli barədə də danışıb: “Son qərarı Red Bull verəcək. Onlar ən yaxşı performans göstərən sürücünü seçəcəklər”.