F-1.az xatırladır ki, Rusiya Qran Prisindən sonra Red Bull-dan Toro Rosso-ya göndərilən Daniil Kvyatın çıxışı qənaətbəxş olmamış, komanda yoldaşı Karlos Saynsdan da geri qalmışdı. Red Bull-dan göndərilməsinin çox pis təsir etdiyini bildirən rusiyalı pilot özünə gəlmək üçün bir qədər dincəlməyə ehtiyacı olduğunu bildirmişdi. Toro Rosso Saynsın gələn il də komandada qalacağını açıqlamışdı, lakin Kvyatın gələcəyi sual altındadır.
Frants Tost: “Kvyatla yarışmağa davam edəcəyimizi düşünürəm. Ümid edirəm ki, gec-tez əsl istedadını göstərəcək. Onun bunu yenidən edə biləcəyinə əminəm. Red Bull-dan Toro Rosso-ya qaytarılmaq Daniil üçün çox pis oldu. Buna görə də özünə olan inamını itirməsini başa düşürəm. Amma eyni zamanda bilməlidir ki, ona Formula1-də qalaraq yarışmaq şansı verən də elə Red Bull-dur. Daniil bunu da nəzərə almalıdır. Onun yaxşı nəticə göstərməyə ehtiyacı var. Bu baş verərsə, hər şey qaydasına düşəcək.
Almaniyada sürətli idi. Sıralanma turunda ilk döngədə şanssız idi. Döngəyə çox sürətli girdi və 0.3 saniyə itirdi. Lakin ikinci və üçüncü sektorlarda nəticələri yaxşı idi. Ümid edirəm ki, lazım olan nəticələri əldə edəcək. O, buna potensialının olduğunu bilir. GP3-də çox yarışda qalib gəlib və çempion olub. Bu il də Çində podiuma yüksəldi. Bir neçə ay ərzində istedadını itirə bilməz”.