F-1.az xatırladır ki, gələn il yarışıb-yarışmayacağı hələ də dəqiqləşməyən Nasr bu il bir çox yarışda komanda yoldaşı Markus Erikssondan geridə qalmışdı. Buna baxmayaraq, Felipe Braziliyada 9-cu olaraq komandasına 2 xal qazandırmış, Sauber bu xallar hesabına Mühəndislər Kubokunda Manor-u keçərək 10-cu olmuşdu.
Felipe Nasr: “Məncə, yarışmağa davam etmək üçün əlimdən gələni etmişəm. Əlimə fürsət düşdükdə, komandama xallar da qazandırdım. İlk mövsümümü 27 xalla başa vurmuşdum və McLaren-i üstələmişdik. Bu mövsüm də xal almaq üçün şanslarımız oldu, lakin buna ancaq Braziliyada nail olduq. Bu xallar da onuncu olmağımız üçün kifayət etdi. Gələn il burada olmasam, çox məyus olacam.
Komanda bu xallara görə əlavə 13.5 milyon dollar qazanacaq. Bu, mənim komandaya verə biləcəyim ən yaxşı büdcə idi, çünki gələn il üçün bundan çox pul verəcək sponsorum yoxdur…”