F.Massanın idmandan getməsi – Niyə Formula1-dən gedirəm?

Felipe Massa Motorsport.com saytı üçün növbəti bloq yazısını yazıb və karyerasını dəyərləndirib, F-1.az isə həmin yazını sizə təqdim edir...

Felipe Massa: “Bir Formula1 sürücüsünün karyerasında bəzi xüsusi anlar olur. İndi sizə danışacaqlarım mənim emosional olmağıma səbəb olur.

Bir neçə aydır ki, gələcəyimi düşünürəm. Bu mövsümün sonunda Formula1-dən getməyə qərar verdim. Həyat bizə çox fürsətlər təqdim edir. Mənim üçün özümü başqa seriyalarda sınamaq vaxtı gəldi. Bəlkə məni başqa avtomobilin sükanı arxasında görərsiniz, amma hazırda bir dənə onu bilirəm ki, gələcəyim barədə qərar vermək üçün çoxlu vaxtım var. Bundan sonra nə edəcəyimə qərar verməliyəm.

Əvvəlki həftələrdə fərqli şeylər düşünürdüm. Həyatımın əvvəlki dövrlərindən xatirələrlə zehnimi doldurdum. Hamı sizin Formula1-dəki hekayənizi xatırlayır. Amma bu hekayənin təməlini qoyan o qədər gözəl zamanlarım var ki… Sizə bir az onlardan danışım.

Karting dövrləri çox gözəl idi. 7 il ərzində avtoidman dünyasının qoxusunu içimə çəkdim. Daha sonra Formula Chevrolet-də il yarım yarışdım və 1999-cu ildə çempion oldum.

Bu çempionluğun mükafatı kimi Formula Renault 2 kateqoriyasında 6 yarışda iştirak etmək üçün Avropaya gəldim. Altıdan çox yarışda iştirak etdim və eyni il ərzində İtaliya və Avropa çempionatlarını qazandım. Sonra Formula3000-ə keçdim. O mövsüm də hər şey yaxşı getdi və mövsümün sonunda Formula1-ə hazırlaşmağa başladıq.

Formula1-in qapılarını aralamaq inanılmaz idi. İlk testimi çox gözəl xatırlayıram. 2006-cı ildə İstanbuldakı ilk qələbəmi xatırlayıram. Mənim üçün ən böyük sevinc isə həmin il qazandığım Braziliya yarışı idi. San Paulu anadan olduğum yerdir və orada qələbə qazanmaq çox gözəl idi.

Uşaq olarkən Formula1-də yarışmaq xəyalları qurursunuz və o xəyalınız sizə əlçatmaz gəlir. Həyat mənim üçün mükəmməl idi və mənim üçün daha artığını verdi. Heç vaxt Ferrari və Williams üçün yarışacağım ağlıma gəlməzdi. Balaca olanda Nelson Pike və Ayrton Sennanı Williams üçün yarışanda izləmişdim. Onların izi ilə getmək yuxu kimi idi.

Ferrari ilə yarışlar qazandım. Bir neçə dəfə podiuma çıxdım. Dünya Çempionluğu uğrunda mübarizə apardım. Çempionluğu bir xalla əldən versəm də, xoşbəxtəm.

2008-ci ildə karyeramın ən pis xatirəsini yaşadım. Yox, 2009-cu ilin Macarıstan yarışında başıma gələndən danışmıram. Əslində, Budapeştdəki hadisələri xatırlamıram. Amma 2008-ci ildə Sinqapurda baş verən qəza qalmqalını öyrənəndə nələr hiss etdiyimi xatırlayıram. O qalmaqal olmasaydı, çempion idim. Sürücü və komanda səhvi olmadan bu cür şeyin qurbanı olmaq mənə pis təsir etdi. Həmin mövsümün son yarışı olan Braziliyada əlimdən gələni etdim. Yarışı qazandım. Heç nəyə görə peşman deyildim. Buna görə də bir xalla əldən verdiyim çempionluğu qəbul edə bildim. Amma Sinqapurda olanları öyrənəndə canım yandı.

Keçdiyimiz günlərdə mənə karyeram boyu dəstək verən insanları da düşündüm. Sauber komandasındakı başlanğıcımdan çox şey öyrəndim. Ferrari isə məni başqa səviyyəyə daşıdı. Williams komandasında isə mükəmməl macəraya atıldım.

Bu komanda adlarının ardında o qədər ad var ki… Mənə dəstək verən sponsorlarımı da unutmaq olmaz. Amma hər şeydən əvvəl ailəm gəlir. Atam və yoldaşım Rafaella həmişə yanımda oldular. Dəstək verdilər. İşlərim yaxşı getməyəndə bütün gücümü onlardan aldım. Onlar olmasa, burada olmazdım.

Anam və qardaşlarımdan da dəstək gördüm. Həyatıma yeni qoşulan oğlumu və dostlarımı da unutmaq olmaz. Bəzi vaxtlar axtardığım gücü inancımda tapdım və məni qoruduğu üçün Allaha təşəkkür edirəm.

Keçmişə gedəndə görürəm ki, atam həmişə mənə kömək edib. Bundan başqa, menecerim Rikardo Tedeşi məni Formula1-ə gətirənlərdən biri idi. Karyeramdakı ən böyük fürsəti mənə Jan Todt verdi və məni Ferrari-yə qəbul etdi. Bir də Nikolya Todt var. Kağız üzərində menecerimdir, amma o mənim can dostumdur. Bir yerdə mükəmməl karyera inşa etdik. Yaxşı və pis günlər gördük. İşin idman tərəfini unutsaq, münasibətimiz yenə davam edəcək.

Təqaüdümü Montsada açıqlamağım təsadüfi deyil. On il əvvəl, başqa bir sürücü burada təqaüdünü açıqlamışdı. O, karyerama hamıdan çox iz buraxan Mixael Şumaxer idi. Ferrari-yə yeni gələndə mənə dedilər ki, Kimi Rəykkönen 2007-ci ildə Ferrari-yə gələcək. Mən Ferrari-də bir mövsüm yarışacağımı düşündüm. Amma daha sonra Mixael təqaüdə çıxmaq qərarına gəldi. Mən isə Ferrari karyerama davam edə bildim. O gündən 10 il sonra eyni padokda təqaüdümü açıqlayıram.

Təqaüd deyirəmsə, bu yaşıma görə deyil. Mövsümün son 8 yarışı üçün diqqətimi itirməmişəm. Əlimdən gələni və sevdiyim şeyi edəcəm. Trasa çıxıb, bacardığım qədər yüksələcəm.

Çalışacam ki, Williams komandası 4-cü yeri qorusun və bunun üçün əlimdən gələni edəcəm.

Brazilayadakı son yarış isə mənim üçün xüsusi olacaq. Son yarışım Abu Dabi olsa da, əsl vidam San Pauluda olacaq…”

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*