F.Massanın bloqu: “Təkər partlaması planlarımı alt-üst etdi”

Williams komandasının sürücüsü Felipe Massa növbəti bloq yazısında 6-cı yeri əldən verdiyi Rusiya yarışından danışıb. F-1.az saytı olaraq bu yazını sizə təqdim edirik.

Felipe Massa: “Rusiya Qran Prisi həm mənim üçün, həm də Williams üçün yaxşı idi. İlk sərbəst yürüşlərdən yarışın startına qədər özümü yaxşı hiss edirdim və hər şey yaxşı işləyirdi. Həftəsonunun ən pis tərəfi yarışın sonunda təkərimin partlaması idi. Buna görə də daha bir pit-stop etməli olduq və nəticədə 3 yer itirdik. Heyif oldu. Altıncı bitirə bilərdik, amma 9-cu oldum. Bizim əlimizdə olmayan bir səbəbə görə 6 xal itirərək, sürücülər çempionatında Pereslə Rikkardonu qabaqlamaq şansını əldən verdim. Belə hallarda bunu qəbul edib növbəti yarışa hazırlaşmaq lazımdır. Ferrari və Mercedes məğlubedilməz olsalar da, Red Bull-a yaxınlaşmışdıq. Altılığa düşərək evə qayıtmaq əla olardı. Təkər partlamasının səbəbini hələ bilmirik, çünki planlı pit-stop etmişdim və SuperSoft təkərlər məni finişə qədər apara bilərdilər.

Bir onu bilirəm ki, ön sağ təkərdə təzyiq düşmüşdü. Pit-stopdan sonra trasa UltraSoft təkərlərlə qayıtdım və maksimum həddə sürsəm də, partlama olmadı və hər şey yolunda idi. Bu çox gülməlidir.

Sebastyan Fettel ilə aramızda olan anlaşılmazlıq böyük marağa səbəb oldu. Bottası izləyirdi və ikinci döngənin çıxışında gördüm ki, arxamdadır. Üçüncü döngədə yarış trayektoriyasından çıxmaq istəmədim və dördüncü döngədən əvvəl əylənmə bölgəsində sola keçərək daxili trayektoriyanı onun üçün boş saxladım. Mənim hərəkətimi, deyəsən, başa düşmədi və keçməmişdən əvvəl tərəddüd etdi. Bu elə də mühüm hadisə deyil. Yarışın nəticəsinə təsir etməyən anlaşılmazlıq idi.

Avropa mövsümü tezliklə başlayacaq və bu, Formula1 üçün çox maraqlı olacaq. Barselona yarışı komandaların gətirəcəkləri yeniliklərə görə vacib olacaq. Williams-ın nə etdiyini görmək üçün səbirsizlənirəm. 2017-ci il mövsümünün ilk yarışlarında liderlərdən sonra ən güclü komanda olduğumuzu göstərdik. İnkişaf etmək üçün işləməyə davam edəcəyik. Bazada çoxlu maraqlı fikirlər gördüm. Görək İspaniyada nə olacaq. Soçidə 6-cı yerə yüksələ bilməsəm də, işlərin gedişatından razıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*