Felipe Massa: “Britaniya Qran Prisinin hekayəsi Red Bull Rinqdəkinə çox bənzəyirdi. Bu, o deməkdir ki, Williams komandası növbəti dəfə pis sıralanma turu keçirsə də, yarışı xalla başa vura bildi. Amma bu dəfə yaşananların səbəbi Avstriyadakından fərqli idi. Oranın əksinə, bizi burada geriyə salan yağışlı hava idi.
Williams komandası sərbəst yürüşlərdə onluğa düşəcək qədər güclü olduğunu göstərmişdi və əmin idim ki, sıralanma turunda son sessiyaya qala bilərik. Bu dəfə təkərləri qızdırarkən problem yaşamırdıq və bu, Red Bull Rinqdəki ən böyük problemimiz idi. Amma heyif ki, sıralanma turu başlanmamışdan əvvəl yağış yağdı və bu da o demək idi ki, trasın temperaturu düşüb. Nəticədə təkərlərlə mübarizə aparmalı olduq. Eyni zamanda traffiklə bağlı da problemlərim oldu. Belə olan halda, sıralanma turunda 14-cü yer ən yaxşı nəticə idi. Sərbəst yürüşlərdəki nəticəmiz Hülkemberqə çox yaxın olduğu üçün çox məyus olduq. Çünki o son sessiyaya qalaraq, 6-cı olmuşdu. Mümkün qədər çox yer qazana bilmək üçün pit-stopa gec getmək lazım idi. Buna görə də, yarışa Soft təkərlərlə başladıq. Start əla oldu və Toro Rosso sürücülərini keçərək, 11-ci yerə yüksəldim. Dəlisov yarış gözləsəm də, hər şey çox sakit idi. Önümüzdə Vandorn var idi, amma onu da yaxşı strategiya ilə geridə qoya bildik. SuperSoft təkərlərə keçərək, bunu etdik. Tempimiz yaxşı olsa da, qorxurdum ki, bu təkərlər sona qədər dözə bilməz. Ancaq hər şey qaydasında getdi və damalı bayrağa qədər heç bir problem olmadı. Evə bir xalla qayıtdıq və 7-ci cərgədən başladığımızı hesablasaq, bu, ümid edə biləcəyimiz ən yaxşı nəticə idi. Lakin bu nəticə əsəblərimi pozdu, çünki Hülkenberq və Force İndia-larla mübarizə apara bilərdik. Amma xallar həmişə önəmlidir və bilirik ki, hər xal bizə Mühəndislər Kubokunda kömək edəcək. Bundan başqa mexaniklərimizin ən sürətli pit-stopu etməsi çox gözəl idi.
Silverstoundakı həftəsonu Williams komandasının idmandı 40-cı ildönümü idi və komanda üçün önəmli dönüş nöqtəsi idi. Burada komandanın yeni filmini izləmək fürsəti tapdıq və bu həyəcanverici idi. İndi isə yay tətilindən əvvəlki son yarış olan Macarıstan barədə düşünürəm. Sözün açığı, çox döngəli, az düzlüklü Monte Karlo, Budapeşt və Sinqapur kimi traslar bolidimiz üçün əlverişli deyil və bunu hamı bilir. Amma hər həftəsonundan bir sürprizlə ayrıla bilərik. Sonrakı yarışda da buna ümid edirəm”.