F.Massanın bloqu: “Bakı yarışından yüksək nəticə gözləyirik”

Williams komandasının sürücüsü Felipe Massa Motorsport.com saytındakı növbəti bloq yazısında birinci dövrəsində mübarizəni dayandırdığı Kanada yarışından və Formula1-dəki gələcəyindən yazıb. F-1.az saytı olaraq bu yazını nəzərinizə çatdırırıq.

Felipe Massa: “Sadəcə 3 döngə davam edən Formula1 yarışını bacardıqca tez unutmaq istəyərsiniz. Kanadada yaxşı nəticə almaq üçün yaxşı potensialımız var idi. Həm mən, həm də Williams komandası bilirdi ki, Monreal trası bolidimiz üçün əlverişlidir və yarışdan əvvəl əhvalımız yaxşı idi. Start yaxşı idi və 7-ci yeri qoruya bildim. İkinci döngəyə girəndə isə Rəykkönen ilə yan-yana gəldim və ideal yarış trayektoriyasından çıxmaq məcburiyyətində qaldım. Təkərlərim trasın çirkli tərəfinə çıxdı və 3 yer itirdim. Bu yaxşı hal deyildi, lakin, yarış davam edirdi. Üçüncü döngəyə gələndə isə bolidin arxasında böyük zərbə hiss etdim. Bildim ki, yarışım artıq bitdi. Əvvəlcə bir nəfərin əyləclərinin xarab olduğunu düşündüm. Bu normal təmas deyildi və düşündüm ki, əylənmə zonasında olub. Zərbə çox şiddətli idi.

Karlos Saynsın bolidini baryerlərdə gördüm. Ondan açıqlama istəyəndə mənə dedi ki, başqa bir sürücü onun təkərlərinə toxunduğu üçün bolidinin idarəetməsini itirib. Daha sonra televizorda görüntülərə baxanda gördüm ki, hər şeyi başladan elə Sayns olub. Məyus oldum, çünki Daniel Rikkardo və Force İndia sürücüləri ilə sona qədər mübarizə apara bilərdim. Onların hamısını məğlub edə bilərdimmi, bilmirəm, ancaq sona qədər mübarizə apara bilərdim. Sıralanma turunda Force İndia-lardan sürətli idim və Danielin Soft təkərlərlə atdığı dövrələrə baxanda 3-cü yer uğrunda mübarizə apara biləcəyimə əmin oldum.

Amma yarışı erkən bitirsəm də, Ləns Strollun mükəmməl performansla ilk xallarını almasını izləyə bildim. Çoxlu ötmələr etdi və yaxşı xallar qazandı. Formula1-də keçirdiyi çətin dövrdən sonra bu cür yüksəlişə ehtiyacı var idi və öz vətənindəki göstərdiyi bu performans debütant sürücünün ruh yüksəkliyini artıracaq.

Mövsümün ortası gəldikcə, 2018-ci il barədə danışmaq qaçılmaz olur. Onsuz da mətbuat məndən gələcəyimə dair suallar verirlər. Özümü yaxşı hiss edirəm və bu işdən razıyam. Williams komandası ilə də münasibətim yaxşıdır. Hamısından vacibi isə rəqabətədavamlı olduğumu bilirəm. Mənim üçün vacib olan da budur. Buna görə də həmişə sevdiyim işi – Formula1-də yarışmağı gördüyüm üçün sevinərəm. Hələlik bolidimiz üçün əlverişli olan Bakı yarışı barədə düşünürəm. Keçən il orada yaxşı idik və məncə, bu tras 2017-ci il bolidimiz üçün də əlverişli olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*