F.Massadan növbəti bloq yazısı: “Fanlarımla gizli vida….”

Felipe Massa Motorsport.com saytındakı növbəti bloqunu yazıb və bu yazıda Braziliyadakı son yarışından danışıb. F-1.az saytı bu yazını sizin diqqətinizə çatdırır...

Felipe Massa: “Braziliya QP gözəl həftəsonu idi. Gərgin və həyəcanlı idi. Bu həftəsonu heç vaxt unutmayacağım kimi bitdi. Sözün açığı, həftəsonu gəlmədən əvvəl də İnterlaqosun yaxşı keçəcəyini bilirdim və həftəsonu gözəl tədbirlərlə başladı. Daha sonra tras üzərində işləməyə başlarkən, ilk sürprizlə qarşılaşdım – komandanın sponsoru Martini şirkəti bolidin üzərindəki loqonu dəyişdirmiş və öz adlarının yerinə mənim adımı yazmışdılar. Bundan başqa xüsusi yarış kombinezonu hazırlamışdılar. Bundan əlavə bu yarış üçün xüsusi dəbilqə hazırlatmışdım.

Amma yarış bayram qeyd etmək yeri deyil. Çünki tras üzərində görməli işlərimiz var. Hər şey yaxşı başlamışdı. Cümə günü sərbəst yürüşlərdə geribildirimlər müsbət yöndə idi və şənbə günü də bu davam etdi.

Amma sərbəst yürüşlərdə işlər istədiyimiz kimi getmədi. Çox böyük problem olmasaydı, sıralanma turunda son sessiyaya qalacağımıza əmin idik. Ancaq işlər elə gətirdi ki, həm mən, həm də Bottas onluğa düşə bilmədik.

Məyus olduq, çünki sərbəst yürüşlərdə yaxşı işləsək də, sıralanmada orta yerləri tutduq. Bazar günü trasa çıxana qədər şəraitin yaxşı olacağını düşünürdük. Yağış çox yağmırdı, amma trasa çıxdığımız dövrədə sürüşmənin çox ola biləcəyini hiss etdim. Yarışın ilk dövrələrində bunu gördük. Amma ən böyük problem trası görməklə bağlı idi. Qrupun ortasındakı trası görmək ön qrupdakına nisbətən çox fərqlidir. Öndəki bolidlərin altından çıxan su divar əmələ gətirir. Bu xüsusən də, uzun start finiş düzlüyündə problem yaradır. Elə oldu ki, trası görmək heç mümkün olmurdu. Bu da təhlükəli vəziyyətlər əmələ gətirdi. Xüsusən də, Kimi düzlükdə qəza edəndə çox təhlükəli idi.

Yarışın əvvəlində Esteban Qutyerresi təhlükəsizlik avtomobili xəttindən əvvəl keçdiyim üçün 5 saniyə cəza aldım. Stüardlara Estebanın çox yavaşladığını dedim və onun arxasında qalmalı olduğum xəttin harada olduğunu bilmirdim. Bu cəzadan sonra komandaya strategiyanı dəyişək dedim. İlk onluqdan geridə olmağın mənası yox idi və buna görə də strategiyanı dəyişdirərək, keçid təkərlərini götürdüm və 5 saniyəlik cəzamı çəkdim. Trasa qayıtdığımda performansım yaxşı idi. Keçid təkərləri sürətli olsa da, riskli idi. Sürüşməyə görə bolidin idarəetməsini itirəndə bunu ağır formada öyrəndim. Divara vurdum, amma bu elə də böyük təmas olmadı və yarışa davam edəcəyimə ümid etdim. Amma ilk təmasdan sonra təkərim partladı və bolid birdən sola tərəfə sürüşməyə başladı. Daha sonra sərt formada divara çırpıldım. Boliddən çıxanda tribunalardakı alqışları eşidə bilirdim. Daha sonra bir marşal mənə Braziliya bayrağı verdi. Təşəkkür etmək üçün ona baxanda ağladığını gördüm. Emosional səhnə idi və mənə təsir etdi. Pitə gedərkən, insanlar ucadan mənim adımı deyirdilər. Doğrudan da çox təsirləndim. Yarışı bitirə bilmədiyim üçün məyus idim. Amma hisslərimə nəzarət etməli idim.

Lakin pitə gələndə gözləmədiyim vəziyyətlə qarşılaşdım. Əlimdə Braziliya bayrağı ilə pitə gedərkən Mercedes mexaniklərinin məni alqışladığını gördüm. Daha sonra Ferrari və Williams komandaları da eyni hərəkərəti etdilər. Qarajımız pitin sonunda olsaydı, bütün komandaların mexanikləri çıxacaqdı. İnanılmaz səhnə idi. Daha əvvəl heç bir yarışda belə şey görməmişdim. Mənə nəsə demək və ya əlimi sıxmaq üçün gələnlərə necə təşəkkür edəcəyimi bilmirdim. İnsanlar Formula1 dünyasını qeyri-ciddi düşünsə də, bu cür müsbət tərəfləri var. Bazar günü bunu daha yaxından gördüyüm üçün şanslıyam. Bundan başqa sizinlə paylaşdığım bu hekayənin baş qəhrəmanı oldum.

Yarışdan təxminən bir saat sonra podiuma çıxdım. Niyə görə? Çünki insanlar son dəfə sağollaşmadan trasdan ayrılmaq istəmirdilər. Doğrudan da mükəmməl bir şey idi. Yerlilərimə hörmət edirəm. Hamınıza təşəkkür edirəm. Bu mükəmməl həftəsonunu düşünmək üçün çox vaxtım olacaq. İndi isə Əbu Dabidəki son yarışa hazırlaşacam”.

, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*