F-1.az xatırladır ki, hamı Williams-ın Monakoda geridə olacağını düşünürdü. Monakoda sıralanma turunda Bottas 10-cu (Rəykkönenin cəzası ilə), Massa isə 14-cü yeri tutub.
Rob Smedli: “Olmaq istədiyim yerdə deyilik, amma keçənilkinə nisbətən daha yaxşı yerdəyik. Boliddən maksimumu çıxara bildik. Bolidin performansına baxsaq, ilk onluğun gerisində olmağı gözləyirdik. Düşünürəm ki, inkişaf etmişik. Monako bizə bolidin harasını inkişaf etdirməli olduğumuzu göstərir. Sabah qənaətbəxş yarış ola bilər. Həm Valtteri, həm də Felipe təkər seçimində sərbəst olacaqlar. Yaxşı strategiya ilə iki sürücümüz də xallar qazana bilər”.
Valtteri Bottas: “Sözün düzü, üçüncü sessiyaya çıxmadığımız üçün məmnun deyilik, amma inkişaf etmişik. Daha artığını əldə etmək üçün sınamağa davam etməliyik. Buradaki ilk xallarımı almaq üçün əlimə fürsət düşüb. Təhlükəsizlik avtomobili hər şeyi dəyişdirə bilər. Buna görə də, xal almaq üçün bütün fürsətləri dəyərləndirməliyik”.
Felipe Massa: “Sıralanma turu bizim üçün asan keçmədi. Hamı bir-birinə yaxın idi. Heyif ki, 0.1 saniyə fərqlə 3-cü sessiyaya keçə bilmədik. Bu bir az utancvericidir. Qırmızı bayraqlara görə boliddən maksimumu çıxara bilmədik. Amma bolidin özünü aparması yaxşıdır. Xal almaq asan olmayacaq, amma əlimizdən gələni edəcəyik”.