F-1.az xatırladır ki, Ferrari bu mövsüm keçirilən 4 yarışda iki qələbə qazanaraq, 9 ildən sonra ən yaxşı başlanğıcını edib. Qeyd edək ki, italyan təmsilçisi 2014-2016-cı illərdə cəmi 3 yarış qazana bilmişdi. Ədrian Nyuinin baş konstruktoru olduğu Red Bull komandası isə bu il sadəcə bir dəfə podiuma yüksələ bilib.
Felipe Massa: “Məncə, Ferrari uzun illərdən sonra heç kimin gözləmədiyi performansı göstərməyə başladı. Bu hal sevindiricidir, çünki uğurlu olmaq üçün Ədrian Nyuiyə ehtiyac olmadığını və yaxşı komanda olmağın bəs etdiyini göstərdilər. Doğru adamları öz vəzifələrinə təyin etsəniz, uğurlu olmaq ehtimalınız artır. Ferrari də buna ən yaxşı nümunədir.
Əgər noyabrda məndən 2017-ci illə bağlı proqnozlarımı soruşsaydınız, Red Bull və Mercedes-i favorit göstərərdim, amma mənimlə birlikdə çox adam yanılmış oldu.
Red Bull-un mühərriyi keçən il zəif olsa da, hər yarış inkişaf edirdi. Amma bu il Ferrari daha güclü bolid düzəltdi”.