Felipe Massa: “Soçi öyrəşmədiyimiz bir yerdir və buna görə də 2 il əvvəl Monakoda yaşayan pilot dostlarımla Soçiyə çarter reysi təşkil etmişdim. Bu ənənə hələ də davam edir və biz bu gəzintimizi daha yaddaqalan etmək üçün bəzi şəkillər çəkdirdik.
Bu il bütün təşkilati işləri Rosberqin boynuna qoyduq və Rosberq yarışda olduğu kimi burada da öz məharətini göstərdi. Ümid edirəm ki, Rosberq bu vəzifəni gələn il də öz üzərinə götürər.
Rusiya Qran Prisi Williams Martini Racing üçün əla keçdi və yaxşı xallar qazandıq.
Bəzən podiuma çıxa biləcəyimizi də düşündüm. Düzdür, bu, mümkün olmadı, amma Rusiya yarışında 22 xal qazandıq və Red Bull-un xal qazana bilməməsi bizim üçün əla oldu. Mühəndislər çempionatında vacib xallar qazandıq və bu hər şeydən önəmli idi.
Həftəsonu bizim üçün əla keçdi. Williams komandası 1-ci və 2-ci sərbəst yürüşlərdə yaxşı nəticələr almır, çünki həmişə yarış sazlanmaları üzərində işləyirik.
Mühəndislər isə təkər yeyilməsinə nəzarət edir və bu da o deməkdir ki, biz yarış tempində işləməliyik. Buna görə də cümə günü sərbəst yürüşlərində biz yuxarı pillələrdə ola bilmirik.
Eyni şeyləri Soçidə də etdik, amma bu dəfə nəticələr yaxşı idi. Yəni ki, sürətimiz və tutduğumuz yerlər real idi. Bu addımlar şənbə və bazar günü də öz bəhrəsini verdi. Nəticədə Valtteri 4-cü, mən isə 5-ci yeri tutduq.
Ferrari və Mercedes bizdən çox uzaqda idi, amma Williams Soçidə ən güclü 3-cü komanda idi.
Yarış mənim üçün əla keçdi və tempim yaxşı idi.
Yarışın sonunda hər ehtimala qarşı pit-stop etdim. Çünki Valtteri məndən çox qabaqda idi və Fernando Alonso isə məndən çox geri qalırdı. Buna görə də təkərlərimi dəyişəndə yer itirmək qorxusu yox idi.
SuperSoft təkərlərə keçdim və yenidən yarışa qayıtdım. Əgər yarışın sonunda təhlükəsizlik avtomobili trasa çıxsaydı, daha yaxşı nəticə qazana bilərdim.
Mən yarışın ən sürətli dövrəsini vuracağımı düşünürdüm, çünki bunun üçün mükəmməl şərait formalaşmışdı: Boş çən və yeni SuperSoft təkərlər.
Mən ən sürətli dövrəni vurdum, amma Rosberq yarışın sonunda mənim nəticəmi yaxşılaşdırdı. Özü də əsl canavar kimi! Nə isə, hamı Soçidə gördü ki, Mercedes AMG məğlubedilməzdir.
Rusiyada təkər yeyilməsi az olur. Buna görə də fərqli təkər strategiyaları gördük. Hazırkı təkər strategiyaları fərqlidir və insanlar bundan məmnundurlar.
Təkərlər çox yeyiləndə pilotlar yarışmaqdan həzz almırlar və yarış sürücüləri həyəcanlandırmır. Siz mübarizə aparmaq əvəzinə fərqli şeylərə fokuslanmalı olursunuz. Belə olanda da siz bolidin içində oturan mühəndisə dönürsünüz, çünki hər şeyi nəzarətdə saxlamalı olursunuz.
Məncə, bu, sürücülərə həzz vermir, amma biz Çində gördük ki, fanlar bizim kimi düşünmür. O yarışda çoxlu pit-stop, ötmələr və fərqli strategiyalar oldu
Soçi isə fərqli yarış idi, çünki ötmə etmək çətin idi. Hamı eyni taktikanı seçdiyi üçün yarışda çox az pit-stop oldu. Belə olan halda, sürücülər maksimum gücü ilə işləyirlər və onda da fanlar yaxşı şou izləyə bilmirlər.
Hazırda Barselona yarışına fokuslanmışıq. Bütün sürücülər bu trası mövsümöncəsi testlərdən çox yaxşı tanıyırlar.
Kataloniyada güclü şassi və güclü aerodinamik xüsusiyyətləri olan bolidlər yaxşı nəticələr alırlar. Xüsusən də 3-cü sektorda bu xüsusiyyətlər ön plana çıxır. Bizim üçün çətin yarış olacaq, amma məqsədimiz Red Bull-dan daha çox xal toplamaq olacaq.
Williams komandası ilk 4 yarışda ən sürətli pit-stopları etdi. Dörd yarışda da ən sürətli biz idik: 3 yarışda mənim mexaniklərim əla işlədi, 1 yarışda isə Bottasın mexanikləri.
Buna görə də komandadakı bütün dostlarımı təbrik edirəm. Belə davam etməliyik!”