F-1.az xatırladır ki, Alonso və Massa Amerika yarışının son dövrələrində insident yaşamışdılar. Bu insidentdən sonra braziliyalının təkəri deşilmiş və yarışı 7-ci yerdə bitirməli olmuşdu.
Felipe Massa bildirib ki, Meksika yarışından əvvəl himn oxunarkən, ispaniyalını söyüb və Alonso bunun cavabında gülümsəyib: “Amerika yarışından sonra bir dəfə görüşdük. Yarışdan sonra trasdan ayrıldığımız zaman mənimlə gəlmədi. Çünki məyus olduğumu bilirdi. Həmin gün stüardlar yatmışdı.
Meksikada himn oxunarkən sürücülər yan-yana dayanmışdılar. Mən onun yanında idim. Gec gəlmişdim və orada qalmışdım. Mənə qəribə-qəribə baxdı. Sonra məni qucaqladı. Ona baxıb “sən *** oğlusan, amma səni sevirəm” dedim. Həmin an gülümsəməyə başladı”.
Felipe Massa Ferrari-də Alonsonun komanda yoldaşı olmuşdu. Braziliyalı bildirib ki, onların münasibətləri kənardan göründüyü kimi olmayıb: “Ona qarşı əsəbi deyiləm. O, boliddən kənarda mənimlə yaxşı davranırdı. Yarışda önümdə olanda həmişə yaxşı idi, amma arxama düşəndə fərqli olurdu”.