F-1.az xatırladır ki, fransalı sürücü Assendəki yarışdan əvvəl məşq edərkən yerə yıxılmış və sol ayağının baş barmağını qırmışdı. Bundan başqa sol əlinin biləyi də zədələnmişdi. Onun həftəsonunu buraxacağı düşünülsə də, belə olmayıb.
2021-ci ilin Dünya Çempionu zədələrə baxmayaraq, ağrı kəsici qəbul edərək, Assendə trasa çıxıb. Əsas yarışa qədər hər şey onun üçün qaydasında gedirdi. O, sıralanma turunda 4-cü, sprint yarışında isə 3-cü yeri tutmuşdu. Buna görə də yarış üçün də podiuma əsas namizədlərdən biri sayılırdı.
Lakin fransalı üçün əsas yarış elə də yaxşı keçməyib. O, startda 12-ci yerə qədər geriləyib. Daha sonra isə qəza edib və özü ilə bir yerdə yerlisi Yohan Zarkonu da aparıb. Nəticədə iki sürücü də mübarizəni dayandırıb.
Fabio qəzadan sonra tibbi müayinəyə aparılıb. İlkin müayinədən sonra müəyyən olunub ki, onun ayaq barmağındakı qırıq daha da pisləşib.
Fabio Kuartararo: “Bəzi testlərdən keçməliyəm. Normalda ayaq barmağıma əməliyyat lazımdır. Bir neçə həftə ərzində ağrılarım olacaq.
Ümid edirəm ki, sağalma prosesi uzun çəkməz. Hazırkı vəziyyətimlə yarışmağı bacararammı bilmirəm. Böyük ehtimalla yarışmaram. Çox ağrıyıram.
Startda bir səhv etdim. Vaxt qazanmaq və mükəmməl olmaq istədim. Normal start almaq istəmədim. Mükəmməl start üçün əlimdən gələni edəndə səhvə yol verdim. Bir neçə yer itirdim. Bundan sonra yenidən yüksəlməyə çalışdım, amma 3-cü dövrədə ön təkəri itirdim və yıxıldım.
Mövsümün ilk hissəsindən sonra işləri qaydasına qoymağa çalışacam. Sonrakı yarışa hazır olmaq üçün zehni cəhətdən güclənməyə çalışacağam”
Qeyd edək ki, bundan sonrakı yarış avqustun 6-da Silverstounda olacaq. Yəni ki, Fabio Kuartararonun sağalması üçün 6 həftə vaxtı var.