F-1.az xatırladır ki, son illərdə çıxan reqlamentə əsasən hər komanda mövsümdə ən az iki dəfə sərbəst yürüşlərdə gənc sürücülərin xidmətindən istifadə etməlidir.
Bu reqlament hesabına sürücülər Formula1 bolidi sürmək fürsəti əldə edirlər. İndiyə kimi sadəcə bir komanda bu qaydaya riayət edib: Ferrari komandası Niderlandda birinci sərbəst yürüşlərdə Mark Şvartsmanın xidmətindən yararlanıb.
Bu mövsüm debutant sürücülərlə yarışan AlphaTauri, McLaren və Williams komandaları isə qaydalardakı boşluğa görə bu tələbi yerinə yetiriblər.
Hələlik heç bir komandanın gənc sürücü ilə bağlı təqvimlərindən xəbərdar deyilik. Yalnız Mercedes komandası Formula2-də yarışan Frederik Vestini Meksikada trasa çıxaracağını bildirib.
Bundan başqa AlphaTauri komandasının İsaac Həcəri trasa çıxarması gözlənilir.
Lakin Aston Martin komandası qısa müddət əvvəl bildirib ki, İtaliyada birinci sərbəst yürüşlərdə Felipe Druqoviçi trasa çıxaracaq. Braziliyalı sürücü sonuncu Niderland yarışından xalsız ayrılan Ləns Strollu əvəz edəcək.
Qeyd edək ki, Felipe Druqoviç keçən il Formula2-də Dünya Çempionu olub və daha sonra Aston Martin komandasına qatılıb. O, keçən il Əbu Dabidə birinci sərbəst yürüşlərdə sükan arxasına keçmişdi.
Felipe Druqoviç: “AMR23-ün sükanı arxasına keçmək üçün səbirsizlənirəm. Mövsümöncəsi testlərdə maşını sürəndə özümü yaxşı hiss etmişdim. Maşının o vaxtdan sonra necə inkişaf etdiyini görmək əla olacaq.
Simulyatorda maşının inkişafı üçün vaxt keçirdim. Buna görə də bunun reallıqda necə olduğunu görmək mənim üçün çox dəyərli olacaq.
Bəhreyndən sonra Formula1 maşınları ilə uzun məsafə qət etdim. Komandaya necə yaxş geribildirimlər verəcəyimi anladım.
Bu fürsəti mənə verdikləri üçün Aston Martin-ə, braziliyalı tərəfdaşlarımız XP, Porto Seguro və Banco Master-ə təşəkkür edirəm. Onlar mənə davamlı dəstək oldular”.
Komandanın rəhbəri Mayk Krek: “AMR23-ü sürməsi üçün Felipeyə növbəti şansı verdiyimiz üçün çox sevinirik. O, mövsümöncəsi testlərdə istedadını göstərmiş və komandanın inkişafına qatqı vermişdi. O, Motsada komandaya geribildirim verəcək və mühəndislərlə işləmə şansı tapacaq. Bu sessiyanı ən yaxşı formada dəyərləndirmək üçün səbirsizlənirik.”