F-1.az xatırladır ki, iki sürücü Roccia döngəsində yan-yana gəlmiş və Palmer döngəni kəsmişdi. Amma britaniyalı sürücü daha sonra Alonsoya yerini qaytarmamışdı. Stüardlar bu insidenti araşdırdıqdan sonra Renault komandasının sürücüsünə 5 saniyə cəza verdilər. Amma qısa müddətdən sonra 25 yaşlı sürücü mübarizəni dayandırdı. Alonso isə bu hadisəyə radiodan “Allahın ədaləti” deyərək reaksiya verdi.
Fernando Alonso: “Döngədən əvvəl yan-yana gəldik. İkimiz də gec əyləndik. Mən döngəyə girə bildiyim halda, o bacarmadı. Porebriklərin üstündən atlanaraq, önümə keçdi.
Qaydalar açıqdır. Əgər iki sürücü döngəyə yan-yana girirsə və biri döngəni kəsib önə keçirsə, yerini qaytarmalıdır. Deyəsən stüartlar Heineken içirdilər. Onların reaksiyasını gördük. Mənim üçün 16-cı yer uğrunda mübarizənin mənası yoxdur. Amma azarkeşlər normal yarış görmək istəyirlər. Bu qonaqlıq deyil.
İnsidentə görə ötürmələr qutusu zədələndi və 10 saniyə itirdim. Futbolda topu ələ götürmək cəzadır. Burada da cəzalar müəyyən olmalıdır”