F.Alonso sözlərinə aydınlıq gətirib

Aston Martin komandasının sürücüsü Fernando Alonso Yaponiya yarışındakı əsəbi radio danışığını açıqlayıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü əksər hallarda aero sazlanmaya görə düzlükdə zəif olmalarından şikayətçi olub.

Lakin ən maraqlı sözləri Yaponiya yarışında ilk pit-stopdan sonra deyib. Beləki, Alonso Soft təkərlərlə yarışa yaxşı start verib və 10-cu yerdən 6-cı yerə yüksəlib. Lakin komanda onu 11-ci dövrədə erkən pit-stopa çağırıb və altılıqda pit edən ilk sürücü olub.

Yarışın sonrakı dövrələrində Alonso düzlüklərdə zəif olub və radiodan komandasına “belə erkən pit-stopla məni aslanların önünə atdınız” deyib.

Yarışı səkkizinci yerdə bitirən Fernando Alonso bildirib ki, komandasına əsəbi deyil: “Əsəbi deyiləm. Məncə, həmişəki vəziyyətdir. FOM radio danışığı yaymaqla aranı qarışdırır. Daha yavaş maşının arxasında DRS açmasına baxmayaraq, rəqiblərin uzaqlaşmasını görən digər sürücülər nə deyərdi bilmirəm. Bəlkə də “geridə qaldığım üçün xoşbəxtəm” deyirlər.

Ancaq mən motivasiyalı olmağı və onları keçməyi seçirəm. Dediyim kimi yarışda DRS açılanda belə yavaş idim. Hamının ağlında radiodakı danışıq qalsa da, yaxşı performans göstərdik.

Məncə, yarışda sürətli idik. Temp cəhətdən düşündüyümüzdən daha yaxşı idik. Ferrari-lərin arxasında, Lyuisin önündə idim və təzyiq altında yarışmıırdım.

Deyəsən 12-ci dövrədə pitə gəldik. Bu həmlə Yukiyə qarşı yerimizi qorumaq üçün idi. Bu da məni təəccübləndirdi. Bu pit-stopdan sonra yarış uzandı və çətinləşdi.

Bəlkə də səhv idi, amma indi danışmaq asandır. Məncə, hədəfimiz ən güclü komandalardan sonra 8-ci olmaq idi. Yəni ki, yarışımıza böyük təsiri olmadı.

Sadəcə məyus idim, çünki ilk pit çox erkən oldu. Müzakirə etmədim. Çox tez olduğunu bilsəm də, problem deyil. Bəzən faydası olur.

Bizim iki dəst Hard təkərimiz var idi. Ferrari-lərdə isə bir dəst. Ferrari-ni bunun hesabına tez pit-stopa məcbur edə bilərdik. Buna görə strategiyanı anlayıram. Yəni burada səhv yoxdur. Ancaq bolidiniz düzlüklərdə yavaşdırsa, trafikə düşəndə vaxt itirirsiniz və bu da əsəbvericidir. Bu yarışda da belə oldu, amma yaxşıyam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*