F.Alonso: “Senna və Prost dövrü darıxdırıcı idi”

Fernando Alonso hesab edir ki, Senna və Prost dövrü Formula1-in hazırkı dövrünə nisbətən darıxdırıcı olub və 2000-ci illəri Formula1-in ən yaxşı illəri adlandırıb.

F-1.az xatırladır ki, 1988-ci və 1989-cu illərdə McLaren komandası çox sürətli olmuş və buna görə də Senna və Prost rəqiblərinə böyük fərqlə qələbələr qazanmışdılar. 1992-ci ildə isə Williams bolidinin üstünlüyünə görə Naycel Mənsell rahatlıqla Dünya Çempionu titulunu qazanmışdı.

Alonso hesab edir ki, 80-ci illərdəki mübarizələr insanlar tərəfindən şişirdilir: “Formula1 o dövrlər çox darıxdırıcı idi. Əgər indi 88-ci, 89-cu və ya 92-ci illərə aid bir yarışa baxsanız, yuxuya gedərsiniz. Çünki iki McLaren 3-cü yerdəki sürücünü bir dövrə geridə qoyurdu və bolidlər arasında ən azı 25 saniyə fərq olurdu. Etibarlılıq problemlərinə görə yarışı sadəcə 10 sürücü bitirirdi.

Sonuncu statistikalar idmanın reytinqinin düşdüyünü göstərir. Eynilə Prost və Sennanın yanacağa qənaət etdiyi, təkərləri qorumağa çalışdığı o dövrlərdəki kimi…”

Alonso bildirib ki, Formula1 2000-ci illərdə böyük reytinq qazanmışdı: “Bu dövrdə Formula1 çox böyüdü. BMW, Toyota və istehsalçıların çoxu 2000-ci illərdə Formula1-ə gəldi. Televiziya reytinqləri və fanların sayı ən çox bu dövrdə oldu.

Formula1 yeni ölkələrdə keçirilməyə başladı. Koreyaya getdik, Hindistanda yarışdıq, Sinqapurda gecə yarışı keçirdik və İspaniyada iki fərqli yarış oldu.

Amma bu dövrün qədrini bilmədik. Texnologiya inkişaf etdi, xərclər çoxaldı və bəzi istehsalçılar idmandan getməli oldular”.

Alonso bildirib ki, sürücülər təqaüdə çıxdıqdan sonra onların qədrini bilirlər: “Yarışdığınız vaxtlarda hamı sizi tənqid edir. Amma təqaüdə çıxdıqdan sonra hamının kumirinə çevrilirsiniz. Təqaüdə çıxdıqdan sonra mükəmməl olursunuz. Bunu Massa və Uebberin timsalında gördük.

80-ci illərdə mübarizə aparan sürücülər hamının idealı idi. Amma nəsil dəyişir. İndi kartinqdə mübarizə aparan sürücülərin idealları Həmilton və Fettel olacaq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*