F-1.az xatırladır ki, Fernando Alonso karyerası ərzində komanda seçərkən böyük səhvlər edib. İspaniyalı sürücü karyerasının ən böyük səhvini isə 2015-ci ildə Ferrari komandasından McLaren Honda-ya keçərkən etmişdi. 35 yaşlı sürücü britaniyalıların heyətində nəinki qalib gələ bilməyib, heç podiuma yüksələ bilməyib.
Fernando Alonso: “Daha əvvəl bir neçə dəfə dedim. Gələn il qalib gəlmək istəyirəm və qərar verərkən, qumar oynamaq istəmirəm. Getdiyim yer hara olursa-olsun, özümü güvəndə hiss etmək istəyirəm. Mənim üçün hər şey açıqdır. Buna görə də McLaren-in növbəti aylardakı performansını gözləməliyəm. Çünki McLaren hazırda mənim yarışdığım, sevdiyim və 3 ildir çıxış etdiyim komandadır. Görək nə baş verir.
Hələ də heç bir plan qurmamışam. Lakin gələn il üçün çox sayda dəyişikliklər olacaq. Ən yaxşı qərarı verməyə çalışacağam. Ümid edirəm ki, McLaren növbəti mövsüm güclü olar. Hamımız bunu istəsə də, mühərriklə bağlı heç nə edə bilmirik. Mən sadəcə qazanmaqla maraqlanıram”.